Accessibility links

AŞPA-da “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” mövzusunda müzakirə keçiriləcək


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” mövzusunda müzakirə keçiriləcək. AŞPA-nın təcili prosedur qaydası üzrə keçiriləcək müzakirələrin cümə axşamı baş tutacağı gözlənilir.

“Bu həftə gündəliyimizə Ermənistan və Azərbaycan arasında gərginliyin yüksək olaraq qaldığı Laçın dəhlizindəki olduqca narahatedici vəziyyətlə bağlı təcili müzakirələr daxildir. Nəticədə, bu dəhlizin əlçatanlığından asılı olan insanlar son dərəcə ağır təzyiq altındadırlar”, AŞPA prezidenti Tini Koks sessiyanın açılışında qeyd edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu mövzuda müzakirələrin keçirilməsinin əleyhinə olduğunu, bunun Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə mənfi təsirlər yarada biləcəyini deyib.

“Bu debat bizə əlavə problemlər və başağrısı yarada bilər. Ermənistanla Azərbaycan arasında münasibətlərin tarixində ilk dəfə olaraq biz sülhə bu qədər yaxınlaşmışıq və bu müdaxilə mənfi təsirlər doğura bilər. Ona görə nümayəndə heyətim adından deyirəm, əlbəttə ki, biz Assambleyanın qərarını nəzərə alacağıq, lakin bu məsələni müzakirə etmək üçün uyğun vaxt deyil”, Səməd Seyidov vurğulayıb.

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan isə debatın keçirilməsinin vacib olduğunu deyib.

“Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlar aparmasından asılı olmayaraq, aktual humanitar məsələlər və Dağlıq Qarabağda cərəyan edən böhranla bağlı istənilən növ debat vacibdir və heç bir şəkildə bu danışıqlara xələl gətirə bilməz”, Rubinyan qeyd edib.

Mövzunun gündəliyə salınması ilə bağlı səsvermədə iştirak edən 94 deputatdan 73-ü lehinə, 15-i əleyhinə səs verib, 6 deputat isə bitərəf qalıb.

Mövzunun Assambleyada müzakirəyə çıxarılması ilə bağlı təklifi AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitəsi verib. Komitə bu ilin martında daha əvvəl Azərbaycan-Ermənistan münaqişəsinin humanitar fəsadlarına dair hesabatın müəllifi olan irlandiyalı deputat Pol Qavanı “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinin aradan qaldırılması” mövzusunda məruzəçi təyin edib. Komitənin may ayında baş tutan toplantısında hesabatın adı “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi”nə dəyişdirilib və yay sessiyasında Assambleyanın müzakirəsinə çıxarılması üçün təklif irəli sürülüb.

Aprelin 23-də Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Ermənistan tərəfi bu addımın 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirib.

Rəsmi Bakı isə 9 noyabr bəyanatı üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə hər iki istiqamətdə, Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG