Accessibility links

Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb


Söyüdlü kəndinin girişində polis postu
Söyüdlü kəndinin girişində polis postu

İyunun 22-dən Gədəbəy rayonunun Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb. Bu barədə hazırda kəndin girişində gözləyən Amerikanın Səsinin müxbiri bildirib.

"Biz jurnalistlər kəndin girişində qurulmuş polis postunda gözləyirik. Söyüdlü kəndinə yalnız kəndə qeydiyyatı olan şəxləri buraxırlar", Amerikanın Səsinin müxbiri deyib.

Söyüdlü kənd sakini Sürəyya Əliyeva əməkdaşımızla söhbət zamanı deyib ki, kənddə polislər var və insanların aksiya keçirməsinə imkan vermirlər. Onun sözlərinə görə, kəndə yas mərasiminə gələn qohumlar da buraxmırlar.

Söyüdlü kəndinin girişində polis postu
Söyüdlü kəndinin girişində polis postu

"Biz öz hüquqlarımızı tələb edirik. Dəfələrlə ölkə rəhbərlərinə, yerli hakimiyyət orqanlarına müraciət etmişik. Amma müraciətlərimizə baxılmayıb. Dünən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı kəndə gəldi. O da özü danışdı, sakinlərin şikayətlərini dinləmədi. İndi hökumət komissiyası yaradılıb. Biz sakinlər istəyirik ki, onlar bizimlə görüşsün, şikayətlərimizi dinləsinlər, monitorinqi sakinlərin iştirakı ilə aparsınlar. Yoxsa gəlib zavodun həyətinə baş çəkib gedəcəklərsə, gəlməsələr daha yaxşıdır" , Sürəyya Əliyeva qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Amerikanın Səsinə deyib ki, ictimai asayişin təmin edilməsi məqsədi ilə kənd ərazisinə digər şəxslərin daxil olması məhdudlaşdırılıb.

"Kənd sakinləri ilə əlaqəli olan şəxslər araşdırılıb kəndə buraxılacaq", o, kənd sakinlərinin yas mərasiminə insanların buraxılmaması ilə bağlı dediklərinə cavabda bildirib.

Gədəbəyin Söyüdül kənidndə etiraz aksiyası
Gədəbəyin Söyüdül kənidndə etiraz aksiyası

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, hökumət haqlı etirazları dinləyib, rasional qərar vermək əvəzinə təcridetməni dərinləşdirir, zorakı siyasətə üstünlük verir.

"Əlbəttə, Söyüdlü kəndinə giriş-çıxışı məhdudlaşdırmaq milli və beynəlxalq qanunvericiliklə ziddiyyət təşkil edir. Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Eyni zamanda, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokola əsasən hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır", o qeyd edib.

İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. 1 etirazçı isə 1500 manat cərimə olunub.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb.

Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl
Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl

Nazirlər Kabinetinin mətbuat xidməti bildirir ki, komissiya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini aparacaq, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin edəcək.

İyunun 22-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Amerikanın Səsinə bildirblər ki, artıq komissiya Söyüdlü kəndindədir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

"Anglo Asian Mining" şirkəti 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.

XS
SM
MD
LG