Accessibility links

Ailəsi Söyüdlü etirazlarında iştirak edən Şöhrət Əsgərovdan dörd gündür xəbər olmadığını deyir


Şöhrət Əsgərov
Şöhrət Əsgərov

Gədəbəy rayonunun Söyüdlü kənd sakini Şöhrət Əsgərovun ailəsi 4 gündür ki, ondan heç bir xəbər ala bilmədiklərini deyir. Bu barədə məlumatı onun həyat yoldaşı Dilarə Hacıyeva verib. Onun sözlərinə görə, Şöhrət Əsgərov iyunun 20-də Söyüdlü kəndində etiraz aksiyasında iştirak edib və bundan sonra həbs olunmaqla hədələnib:

“Yoldaşımı narkotiklə şərləməklə də təhdid ediblər. Şöhrət iyunun 21-də uşağa dərman almağa gedib, 2 azyaşlı körpəm var. Rəisin yanına gəlirəm, deyir Bakıdadır, Bakıdan soruşuram, deyirlər burada elə adam yoxdur. Prokurorluğa gedirəm, məni qəbul eləmirlər. Mən hara gedim? Hara müraciət edim? Ən azından evə zəng edib, bir xəbər deməli deyilmi?”.

Həyat yoldaşı bildirib ki, uşaqların biri 7 yaşındadır, ikincisi isə 4 aylıqdır. Onun sözlərinə görə, ailənin yeganə qazanc gətirəni Şöhrət Əsgərovdur.

“Niyə yerini demirlər? Ən azından onun valideyninə, yoldaşına məlumat verilməlidir. Mənim uşağım 4 gündür atasının yastığını qucaqlayıb yatır. Mən hara müraciət edim?”.

Şöhrət Əsgərovun həyat yoldaşının dediklərilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılacaq və cavab veriləcək.

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-də və 21-də keçirilən etiraz aksiyalarına görə Rusiya vətəndaşı olan Etibar Cabbarov həbs olunub. O, etiraz aksiyasının təşkilində ittiham olunur.

Etibar Cabbarovun WhatsApp mesajlaşma platformasında Söyüdlü sakinlərindən ibarət qrup yaratdığı iddia olunur. İddiaya görə, qrupda 400 nəfərdən çox adam olub. Etibar Cabbarovun Söyüdlü etirazlarından bir neçə gün əvvəl Rusiyadan Azərbaycana gəldiyi bildirilir. Lakin Söyüdlü sakinləri bildirib ki, bu hadisələrdə adı hallanan Etibar Cabbarov və Afiq Allahverdiyev (o da Rusiya vətəndaşıdır) Gədəbəyə yas mərasimində iştirak etmək üçün gəlib.

Sakinlər onu da əlavə edib ki, sözügedən Whatsapp qrupu pandemiya dövründə yaradılıb: “Biz o qrupda müzakirə aparıb, xeyir-şər işlərində bir-birimizə yardım eləyirdik. O qrup bu məsələyə görə yaradılmayıb”.

DİN məsələ ilə bağlı açıqlama verməyib.

İyunun 24-də Söyüdlü kəndindəki hadisələrdən sonra həbs edilən 5 nəfərlə yanaşı yeni həbslərin olduğu barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov narkotik ittihamı ilə həbs edilib və barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclası keçirilib.

Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinqlərin və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri ilə bağlı bildirib ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Məlumatda deyilir ki, Söyüdlü kəndində aparılan monitorinqlərin və qiymətləndirmənin yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. 1 etirazçı isə 1500 manat cərimə olunub. Ertəsi gün daha 5 nəfər kənd sakininin saxlanması xəbəri yayılıb. Bir gün sonra post qurularaq, Söyüdlüyə giriş-çıxış məhdudlaşdırılıb. Orada çəkiliş aparan müstəqil jurnalistlər zorakılıqla uzaqlaşdırılıb.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir.

Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

"Anglo Asian Mining" şirkəti 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2021-ci ildə 200 milyon dollardan çox gəlir əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG