Accessibility links

Vaşinqtonda Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu keçiriləcək


Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan (Arxiv foto,. Mənbə: Dövlət Departamenti)
Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan (Arxiv foto,. Mənbə: Dövlət Departamenti)

İyunun 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, səfər çərçivəsində dövlət katibi Antoni Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Ermənistan Xarici İşlər Nazirliyi də bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona işgüzar səfərə getdiyini bildirib.

“İyunun 27-dən etibarən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması haqqında sazişə dair müzakirələrin növbəti raundu keçiriləcək”, Ermənistan Xarici Işlər Nazirliyinin məlumatında deyilir.

Vaşinqton danışıqları Azərbaycan və Ermənistanın şərti sərhəd xəttində, həmçinin erməni icmasının yaşadığı Azərbaycanın suverenliyində olan ərazilərdə qarşılıqlı atışmaların baş verdiyi bir vaxta təsadüf edir.

Həmçinin iyunun 15-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhəd xəttində qarşılıqlı atışma olub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyunun 15-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin məlumatında isə Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusunun Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Xakari (Həkəri) körpüsünə doğru irəliləməyə cəhd göstərdiyi və həyata keçirilən tədbirlər nəticəsində bunun qarşının alındığı deyilir.

Bundan sonra Azərbaycan tərəfinin Ermənistanı ermənilərin yaşadığı Xankəndi şəhəri ilə birləşdirən avtomobil yolunu bağladığı bildirilib. Bununla yanaşı son günlər avtomobil yolundan humanitar məqsədlər üçün istifadə edildiyi barədə videolar yayılıb.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olub.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, danışıqlar çox məhsuldar keçib və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq olub.

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırır.

İyunun 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Moskvada üçtərəfli İşçi Qrupunun iclası keçirilib.

Rusiya Baş nazirinin müavini görüşün yekunları ilə bağlı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

“Xüsusilə, Yeraşx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub” , o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG