Accessibility links

ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb


Ceyk Sallivan (Rəsmi foto)
Ceyk Sallivan (Rəsmi foto)

İyunun 28-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli formatda görüş keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsinin, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmamasının, hərbi-siyasi təxribatların davam etdirilməsinin sülh səylərinə xələl gətirdiyini bildirib. Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.

Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib”, məlumatda qeyd edilir.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin əldə olunması kontekstində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 1975-ci il xəritəsi və Alma-Ata bəyannaməsi əsasında delimitasiya məsələsində maksimum dəqiqliyin təmin edilməsinin, eləcə də qoşunların çıxarılmasının vacibliyini vurğulayıb.

“Regional infrastrukturların blokdan çıxarılması məsələlərinə də toxunulub, suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinin qorunmasına alternativlərin olmaması bir daha vurğulanıb.

Xarici işlər naziri Ararat Mirzoyan Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərinin düzgün həllinin vacibliyini bir daha qeyd edib. Azərbaycanın Dağlıq Qarabağda bu gün Dağlıq Qarabağın Müdafiə Ordusunun 4 itkisi ilə nəticələnən növbəti təcavüzkar aksiyasına toxunan nazir Mirzoyan bu cür hərəkətlərin danışıqlar prosesinə yönəlmiş səyləri sarsıtmaq məqsədi daşıdığını qeyd edib və güc tətbiq etmə və ya güc tətbiq etmə hədəsi hallarının istisna edilməsinin vacibliyini vurğulayıb. Nazir Mirzoyan vurğulayıb ki, bu aksiya Dağlıq Qarabağda Laçın dəhlizinin qeyri-qanuni bağlanması, habelə Azərbaycanın Dağlıq Qarabağa qaz və elektrik enerjisinin verilməsini qəsdən dayandırması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranla paralel baş verir. Dağlıq Qarabağı etnik təmizləməyə məruz qoymaq olmaz”, məlumatda deyilir.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Ağ Evdə görüşündən məmnun qaldığını vurğulayıb.

“Mən Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə, o cümlədən etimadın möhkəmləndirilməsi üçün təxribatlardan qaçmağa və gərginliyi azaltmağa çağırdım”, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Twitter hesabında yazıb.

Nazir Ceyhun Bayramov bu gün Twvitter hesabında yazıb ki, ABŞ səfəri zamanı Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenlə də görüşüb.

“ABŞ-a işgüzar səfərim çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüm. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi ətrafında fikir mübadiləsi aparıldı. Ermənistanın sülh səylərinə meydan oxuyan qəbuledilməz davranışı və sarsıdıcı səyləri vurğulandı”, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Twitter hesabında yazıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün tərəflərə kömək öhdəliyi götürür.

"Qarabağda insan tələfatından çox narahatıq. Son hadisələr hərbi əməliyyatlardan çəkinməyin, davamlı və layiqli sülh axtarmağın zəruriliyini vurğulayır. Birləşmiş Ştatlar bu məqsədə çatmaqda tərəflərə kömək etmək öhdəliyi götürür”, Miller qeyd edib.

XS
SM
MD
LG