Accessibility links

BMT itkin düşən suriyalıların taleyini araşdıracaq müstəqil qurumun yaradılmasına səs verib


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası cümə axşamı Suriyadakı münaqişə nəticəsində itkin düşən 130 mindən çox insanın taleyinin müəyyənləşdirilməsi üçün müstəqil qurumun yaradılması ilə bağlı qətnaməni təsdiqləyib.

Onların ailələri və yaxınlarının müraciətlərinə mühüm cavab olan qətnamə 193 üzvlü dünya qurumu tərəfindən 83 əleyhinə 11 lehinə, 62 bitərəf olmaqla qəbul edilib.

Qətnamənin əleyhinə çıxanlar arasında Suriya da yeni qurumla əməkdaşlıq etməyəcəyini bildirib. Rusiya, Çin, Şimali Koreya, Venesuela, Kuba və İran qətnamənin əleyhinə səs verib.

Lüksemburqun rəhbərlik etdiyi qətnamədə qeyd olunub ki, Suriyada 12 il davam edən döyüşlərdən sonra “bütün itkin düşənlərin taleyi və harada olması ilə bağlı cavablar verməklə ailələrin əzablarının yüngülləşdirilməsində cüzi irəliləyiş əldə edilib”. Sənəd BMT-nin himayəsi altında Suriya Ərəb Respublikasında “bütün itkin düşənlərin taleyini və harada olduqlarını aydınlaşdırmaq və qurbanlara, sağ qalanlara və itkin düşənlərin ailələrinə adekvat dəstək göstərmək üçün” İtkin Şəxslərin Müstəqil İnstitutunun yaradılmasına icazə verir.

Bildirilir ki, qurbanlar, sağ qalanlar və itkin düşənlərin ailələri yeni qurumda təmsil olunmalı, qurum “zərər vermə”, qərəzsizlik, şəffaflıq və mənbələrin və məlumatların məxfiliyi kimi prinsipləri rəhbər tutacaq.

Qətnaməyə əsasən, BMT-nin Baş katibi Antonio Quterreş 80 iş günü ərzində yeni qurumun səlahiyyətlərini təqdim etməli və qurumun tezliklə yaradılması və istifadəyə verilməsi üçün tədbirlər görməlidir. BMT rəhbəri 100 iş günü ərzində qətnamənin icrası barədə hesabat verməlidir.

Lüksemburqun BMT-dəki səfiri Olivier Maes səsvermədən əvvəl Baş Assambleyada deyib ki, “Ailələr, xüsusilə də qadınlar itkin yaxınlarını axtarmağa davam edərkən hər gün inzibati və hüquqi çətinliklər, maliyyə qeyri-müəyyənlikləri və dərin travmalarla üzləşirlər”.

Suriya səfiri Bəssam Sabbaq qətnaməni “siyasiləşdirilmiş” adlandırıb və deyib ki, bu, “daxili işlərimizə açıq-aşkar müdaxiləni” açıq şəkildə əks etdirir və ABŞ və digər Qərb dövlətlərinin ölkəsinə qarşı “düşməncəsinə yanaşması”na yeni sübutlar təqdim edir.

O, Suriyanın itkin düşmüş şəxslərlə bağlı məsələni həll etdiyini, hüquq-mühafizə orqanlarına təqdim edilən itkinlərlə bağlı bütün iddiaları nəzərdən keçirdiyini və "Suriya qanunlarına uyğun olaraq, mövcud məlumat və resurslar əsasında" müstəqil araşdırmalar apardığını deyib.

ABŞ səfirinin müavini Cefri DeLaurentis bildirib ki, itkin düşənlərin çoxu ədalətsiz olaraq münaqişə tərəfləri, o cümlədən İslam Dövləti ekstremist hərəkatı və digər terrorçu qrupların əli ilə saxlanılıb və ya götürülüb.

“Demək olar ki, hər bir suriyalı ailə bu məsələdən təsirlənir. İtkin düşmüş şəxslərin taleyinin və harada olduqlarının təsdiqlənməsi, onların azad edilməsinin təmin edilməsi və həlak olanların qalıqlarının ailələrinə qaytarılması mənəvi və humanitar tələbdir” - deyə, səfir bildirib.

Suriyada artıq 13-cü ildir ki, üsyana çevrilən münaqişə yarım milyona yaxın insanın ölümünə və müharibədən əvvəlki 23 milyonluq əhalisinin yarısını didərgin salıb. İtkin düşənlər üzrə Beynəlxalq Komissiya BMT-nin hesablamalarına istinadən bildirir ki, 2021-ci ildə münaqişə nəticəsində 130 mindən çox suriyalı itkin düşüb.

Səsvermə ərəfəsində 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı və BMT-nin insan hüquqları üzrə 23 eksperti Baş Assambleyanı müstəqil institut yaratmağa çağırıb.

Amnesty İnternational və Human Rights Watch və onlarla suriyalı qrup da daxil olmaqla təşkilatlar BMT-yə üzv ölkələri “ailələrin həqiqət haqqını dəstəkləməyə” çağırıblar. Onlar qeyd ediblər ki, çağırış Beynəlxalq Qızıl Xaç Komitəsi və başqaları tərəfindən də dəstəklənib.

XS
SM
MD
LG