Accessibility links

Konstantinos Efstatiu: Azərbaycanda AİHM qərarlarının icrası ilə bağlı siyasi iradə çatışmır


Konstantinos Efstatiu: Azərbaycanda AİHM qərarlarının icrası ilə bağlı siyasi iradə çatışmır
please wait

No media source currently available

0:00 0:06:32 0:00

Konstantinos Efstatiu: Azərbaycanda AİHM qərarlarının icrası ilə bağlı siyasi iradə çatışmır

Azərbaycan Avropa Şurasına üzv dövlətlər arasında Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının icra edilməsi baxımından ən pis göstəriciyə sahib olan ölkədir. Avropa Şurasının illik hesabatında əsasən, indiyədək Azərbaycanla bağlı çıxarılan qərarların 76 faizi icra edilməyib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) aprel ayında qəbul etdiyi qətnaməsində qərarların icrasının gecikdirilməsi ilə bağlı narahatlığını ifadə edib. Həmin qətnamə layihəsinin müəllifi, hazırda AŞPA-nın məsələ ilə bağlı məruzəçisi Konstantinos Efstatiu Amerikanın Səsinə müsahibəsində Azərbaycanda Məhkəmə qərarlarının icrası ilə bağlı siyasi iradənin çatışmadığını qeyd edib.

Amerikanın Səsi: Cənab Efstatiu, sizin AİHM qərarlarının icrası ilə bağlı məruzəniz AŞPA-nın aprel ayındakı sessiyasında qəbul edildi. Assambleyanın bu məsələ üzrə baş məruzəçisi kimi Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı nə deyə bilərsiniz?

Konstantinos Efstatiu: Mən ötən il Azərbaycanda səfərdə olmuşam və etiraf etməliyəm ki, Azərbaycan xalqı çox yaxşı, sülhsevər xalqdır. Və onlar həqiqətən daha çox demokratiya və vətəndaş azadlıqlarına layiqdirlər. Təəssüf ki, Azərbaycanda həqiqi dəyişikliklər üçün siyasi iradə çatışmazlığı var. Ona görə də vəziyyət bizim gözlədiyimiz qədər yaxşı deyil. Belə bir tendensiya var ki, biz nə vaxt Azərbaycan hakimiyyəti ilə israrlı davransaq, Azərbaycanın daxili işlərinə qarışdığımızı deyirlər. Ancaq bu belə deyil. Bu barədə bizə Azərbaycan parlamentini ziyarət edərkən demişdilər. Mən səfər barədə düşünəndə hər zaman bunu xatırlayıram. Digər tərəfdən, Azərbaycan xalqının, xüsusən demokratiya üçün mübarizə aparan vətəndaş cəmiyyəti üzvlərinin cəsarəti məni heyrətləndirmişdi. Beləliklə, bu, Azərbaycandakı vəziyyətin iki əsas xarakteristikasıdır; siyasi iradənin çatışmazlığı, Avropa Məhkəməsi qərarlarının icrasına şübhəli yanaşma və vətəndaş cəmiyyətinin, fərdlərin cəsarəti və gördükləri böyük işlər.

Amerikanın Səsi: Fikrinizcə, Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icrasının gecikdirilməsinə töhfə verən əsas faktorlar hansılardır və bu çətinliklərin öhdəsindən necə gəlmək olar?

Konstantinos Efstatiu: Bilirsiniz ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsi əsasında xüsusi prosedurla üzləşən yeganə ölkədir. Və bu öz effektivliyini göstərdi. Ona görə ölkə cavabdehlik daşıdıqda və bu cavabdehlik sorğulandıqda, məsələrə həll yolu tapmaq olur. Yox əgər onlara qarşı hər hansı sorğulama olmadıqda işlər ilişib qalır. Bu insana xas davranışdır. Pis əməl törədən adam toxunulmazlığının olduğunu biləndə, buna davam edəcək. Ona görə ilk olaraq ölkələr cavabdehliik daşımalıdır, ikincisi isə ölkələri və insanları təşviq etməliyik. Onlar demokratiya xəttindən kənarda qalmamalıdırlar və Avropanın geri qalan hissəsi ilə birlikdə irəliləməlidirlər. Əks halda Avropa böyük problemlərlə, kimlik problemi ilə qarşılaşacaq.

Amerikanın Səsi: Siz Azərbaycana səfər etdiyinizi vurğuladınız. Qarşılaşdığınız xüsusi narahatlıq doğuran işlər, diqqətəlayiq nümunələr varmı? Azərbaycan hakimiyyəti bu məsələlərin həlli üçün necə təşviq edilə bilər?

Konstantinos Efstatiu: Bizə dedilər ki, ifadə azadlığı, həmçinin, şəxsi toxunulmazlıq, işgəncələrin qarşısının alınması ilə bağlı yeni qanunvericilik qəbul ediləcək. Biz bunu təcrübədə görməkdən məmnun olarıq. Mənə elə gəlir Azərbaycandakı problemlərdən biri də hakimiyyətin qolları - idarəedici, qanunverici və məhkəmə hakimiyyəti arasında bölgü yoxdur. Onlar bir-birinə qarışıb və bəzi hallarda hər şeyin sonu icraedici hakimiyyətə gəlir. İcraedici hakimiyyət çox böyük rola və böyük gücə malikdir. Bu isə problem yaradır. İcraedici qol qanunverici qola təsir edir, hər ikisi də məhkəməyə təsir edə bilir. Bu isə qəbuledilməzdir. Məncə, problemin kökü məhz buna dayanır. Avropa Məhkəməsi qərarlarının icrası üçün siyasi iradənin çatışmazlığına gəldikdə, onlar bunu etsələr Azərbaycanın siyasi həyatında rasional dəyişikliklər olacaq. Görünür, Azərbaycan hakimiyyətindəkilər də bundan qorxur. Təkcə Azərbaycanda da deyil, bütövlükdə Avropada. Oyun qaydalarının dəyişməsi güc sahiblərini qorxudur.

Amerikanın Səsi: Son olaraq bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətinə çağırışınız varmı?

Konstantinos Efstatiu: Onların dəyişiklikdən qorxması üçün heç bir əsas yoxdur. Cəmiyyət nə qədər açıq olsa, o qədər güclü olar. Məhkəmənin də pislədiyi bir vəziyyətə ehtiyac yoxdur. Azərbaycanın ciddi potensialı var. Onlar dəyişiklikdən və demokratiyadan qorxmamalıdırlar.

Azərbaycan ötən ilin oktyabrında Avropa Şurasının dəstəyi ilə “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” adlı yeni əməkdaşlıq layihəsinə start verilib. Layihə Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsini gücləndirmək, Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Şurasının digər müvafiq sənədlərinin vaxtında və səmərəli icrasını təmin etmək üçün ədliyyə sahəsində maraqlı milli tərəfdaşların potensialını inkişaf etdirmək məqsədi daşıyır.

Azərbaycan Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov AİHM qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə ünvanladığı vaxtaşırı Fəaliyyət Hesabatlarında Azərbaycan hökumətinin Avropa Məhkəməsi qərarlarının icrası üçün məhkəmə-hüquq sistemində islahatlar aparır, qanunvericiliyə dəyişikliklər edir, habelə, hüquq-mühafizə və prokurorluq orqanlarında maarifləndirmə işləri aparır. Onun sözlərinə görə, hökumət məsələ ilə bağlı məlumatlılığı artırmaq üçün əlavə tədbirlər müəyyən etmək və qəbul etmək niyyətindədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG