Accessibility links

Nazim Bəydəmirli barədə həbs qərarından apellyasiya şikayəti və ictimai-siyasi baxışlar


Nazim Bəyədmirli (Arxiv foto. Mənbə: VOA)
Nazim Bəyədmirli (Arxiv foto. Mənbə: VOA)

İyulun 6-da Milli Məclisin keçmiş deputatı, ictimai fəal Nazim Bəydəmirli barədə Nərimanov Rayon Məhkəməsinin həbs-qətiimkan tədbiri qərarından apellyasiya şikayəti verilib.

Vəkil Aqil Layıc Amerikanın Səsinə bildirib ki, apellyasiya şikayətində istintaq orqanının həbs barədə təqdimatının qəbul edilməməsi və həbs-qətimkan tədbirinin ləğvi əksini tapıb.

İyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən məhkəmədə keçmiş deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa Bəydəmrilini 5 ildən 10 ilədək həbs gözləyir.

Nazim Bəydəmirli məhkmədə ittihamı qəbul etməyib və hüququ əsasının olmadığını deyib və qondarma kimi qiymətləndirib. O, məhkəmədə deyib ki, həbsinin səbəbi Gədəbəy rayonu Söyüdlü kənd sakinlərinin etirazı ilə bağlı çıxışlarıdır.

“Məhkəmədə dedi ki, ittihamın onun həbsinin səbəblərinə heç bir aidiyyatı yoxdur. Bəydəmirli həbsinin səbəbinin onun fəaliyyəti ilə bağlı olduğunu məhkəmənin diqqətinə çatdırdı”, vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında istintaqa cəlb edilib.

“Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti qeyd edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, Bəydəmirlinin həbsi siyasi xarakterlidir.

“Nazim Bəydəmirli vicdanlı, dürüst və ziyalı vətəndaşdır. İnanıram ki, Nazim bəyin heç bir qanunazidd hərəkəti olmayıb. Təqibin siyasi xarakter daşıdığına inanıram”, o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, Nazim Bəydəmirli sifarişlə, saxta ittihamla həbs olunub və siyasi məhbusdur.

“Nazim Bəydəmirlinin açıq-aşkar saxta, absurd (hədə-qorxu ilə pul tələb etmə) ittihamla həbs edilməsi hüququn, ədalətin tapdalanmasıdır.

Belə absurd ittihamla tanınmış ictimai-siyasi xadimi uzunmüddətli həbsə göndərməklə hakimiyyət cəmiyyətə deyir ki, əcəb edirəm, hüququ da, ədaləti də ayaqlayıram. İstədiyim şəxsi, istədiyim bəhanə ilə həbs edirəm. Nə xalqı sayıram, nə də dünyanı. Belə vəziyyətə düşmüş xalqların isə yalnız bircə xilas yolu qalır. Təşkilatlanmaq, hamılıqla dinc mübarizəyə qoşulmaq, repressiya qurbanlarını da birlikdə müdafiə etmək. Nazim Bəydəmirliyə azadlıq!” AXCP sədri Facebook səhifəsində qeyd edib.

Vəkil Elçin Sadıqov bildirib ki, Bəydəmirlinin həbsi birmənalı olaraq siyasidir.

“Bu həbsi qətiyyətlə pisləyirəm. Bu həbs onun ictimai-siyasi mövqeyi, xüsuslə də Gədəbəy rayonunun Söyüdlü kəndinin insanlarını müdafiə etməsinə görədir. Ölkə tarixində ilk dəfə o, qızıl zavodu ilə bağlı deputat sorğusu göndərib”, vəkil qeyd edib.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, avtoritar hakimiyyətlərin ən çox qorxduğu müstəqil fəal, müstəqil icma, müstəqil vətəndaş cəmiyyəti, müstəqil media və müstəqil siyasi partiyadır.

“Belə hakimiyyətlər onların mövcudluğunu qəbul etmir. Nazim Bəydəmirlinin müstəqil vətəndaş mövqeyi və fikir ifadə etməsi bu hakimiyyəti çoxdan narahat edirdi. Elə bu səbəbdən də Söyüdlü hadisəsi bu fürsəti çoxdan gözləyənlər üçün göydəndüşmə olub”, o, Facebook səhifəsində yazıb.

Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, Nazim Bəydəmirli Söyüdlü hadisələri ilə bağlı prinsipial mövqeyinə görə həbs olunub.

“Kör da bilir balıq şordur. Daxili İşlər Nazirliyi nə deyirsə desin, Nazim Bəydəmirlinin saxlanması birmənalı olaraq Söyüdlü etirazları ilə bağlıdır”, o qeyd edib.

XS
SM
MD
LG