Accessibility links

Bayden üç Avropa ölkəsinə səfər üçün yola düşüb


ABŞ prezidenti Co Bayden iyulun 9-da Avropaya beş günlük səfərlə yola düşüb. Onun ilk dayanacağı Britaniya olacaq. Daha sonra Bayden Vilnüsdə NATO sammitində iştirak etdikdən sonra Şimal ölkələri liderləri ilə görüş üçün Finlandiyaya yollanacaq.

ABŞ prezidenti Londonda müxtəlif ikitərəfli məsələləri və inkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirilmə iqlimini müzakirə etmək üçün Britaniya baş naziri Rişi Sunak və Kral Çarlz ilə görüşlər keçirəcək.

NATO sammitində Qərb liderləri Ukraynanın Rusiyaya qarşı mübarizəsini gücləndirmək üçün son səylərini və İsveçin Qərbin əsas hərbi alyansına qoşulmaq istəyini müzakirə edəcəklər. Macarıstan və Türkiyə istisna olmaqla 29 NATO ölkəsi İsveçin alyansa qoşulmasını dəstəkləyir. Ukraynanın bloka daxil olma səyləri də gündəmdə olacaq.

NATO sammitindən sonra Bayden Finlandiyanın bu hərbi ittifaqa bu yaxınlarda qoşulmasını qeyd etmək və Skandinaviya liderləri ilə görüşmək üçün Finlandiyanın paytaxtı Helsinkiyə yola düşəcək.

XS
SM
MD
LG