Accessibility links

Ekspert Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vəzifəli şəxslərin həbsini islahat hesab etmir


Hərbi çağırışçılar hərbi hissələrə yola salınır (Mənbə: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti)
Hərbi çağırışçılar hərbi hissələrə yola salınır (Mənbə: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətbuat xidməti bildirir ki, qanunsuz hərbi xidmətdən yayınma hallarına qarşı Baş Prokurorluq tərəfindən kompleks tədbirlər davam etdirilir

Bundan öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz, Laçın və Cəlilabad və başqa şöbələrində əməliyyat keçirib. Bu şöbələrin də vəzifəli şəxsləri saxlanılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əməliyyatlar bu il aprelin 17-də Mürsəl İbrahimovun bu quruma yeni rəis təyin edilməsindən sonraya təsadüf edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bundan əvvəlki rəisi Arzu Rəhimov olub.

Hərbi ekspert Üzeyir Cəfərov Amerikanın Səsinə deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi islahatlara və ixtisarlara ehtiyac var.

Üzeyir Cəfərov: Həbslər islahat deyil
please wait

No media source currently available

0:00 0:03:11 0:00

“Bu xidmətə yeni rəis və rəis müavini təyin edilib. Onlar indi qurumda müəyyən işləri həyata keçirməyə çalışırlar. Çox istərdim ki, bu, kampaniya xarakterli olmasın”, o qeyd edib.

Cəfərovun dediyinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əslində Sovet dönəmindən qalan hərbi komissarlıqlardır.

“Hərbi komissarlıq sistemi təkmilləşdirlmədi, sadəcə adı dəyişdirildi. O qurumda həddindən artıq şişirdilmiş ştatlar var. Bu ştatlar yarıyadək ixtisar edilməlidir. İndi deyirlər regional idarələr yaradılacaq”.

Ekspertin fikrincə, bir neçə nəfərin həbsi ilə islahat aparmaq mümkün deyil.

“Həbslər bu sistemdə çox xırda işlərdir. Keçmiş Azərbaycan rəhbərliyində təmsil olunanlar bu qurumu yaratdılar və təəssüf ki, bəzi maraqlar çərçivəsində yaratdılar. Adını yeni qurum qoydular, amma fəaliyyətində heç bir yenilik olmadı. Əvvəlki qurumda bir general, iki müavin var idisə, indi bir general-polkovnik və 5 general müavini var. Bunlar büdcənin talan edilməsi deməkdir. Bu qurumda ciddi islahatlar aparılmalıdır. Adda-budda həbslər ümumi havanı dəyişmir”, o qeyd edib.

XS
SM
MD
LG