Accessibility links

NATO zirvəsində Bayden-Ərdoğan görüşü


ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO zirvəsi çərçivəsində ikitərəfli danışıqlar aparırlar, 11 iyul 2023.
ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO zirvəsi çərçivəsində ikitərəfli danışıqlar aparırlar, 11 iyul 2023.

ABŞ və Türkiyə prezidentləri NATO-nun Litva paytaxtı Vilnüs şəhərində keçirilən sammiti çərçivəsində görüş keçiriblər.

Prezident Co Bayden çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İsveçin NATO-ya üzv olmasına razılıq verdiyinə görə təşəkkür edib. Bayden Vilnüs zirvəsini tarixi sammit adlandırıb və Türkiyənin İsveçin alyansa qəbul edilməsinə razılıq verməsi ilə Ərdoğanın bu zirvə görüşünü “daha da tarixi etdiyini” deyib.

Bayden Ərdoğanın İsveçin alyansa qoşulması ilə bağlı etirazlarının aradan qaldırılmasına yönəlmiş genişmiqyaslı diplomatik səylərin başa çatmasından danışıb.

“Bu işdə göstərdiyiniz diplomatiya və cəsarətə görə sizə təşəkkür etmək istəyirəm. Mən sizə liderliyinizə görə təşəkkür etmək istəyirəm. Bu sammit NATO-nun yaxın müttəfiqləri ilə NATO-nun müdafiəsinə sadiqliyimizi bir daha təsdiqləyir və ümid edirəm ki, biz (müttəfiqliyi) daha da gücləndirə bilərik” - deyə, Bayden Ərdoğana bildirib.

Prezident Ərdoğan prezident Baydenlə bu görüşlə “yeni bir prosesin başlandığını” bildirib.

Sammitdən öncə Qərb ölkələrində Ərdoğanın İsveçin alyansa qoşulmasına mane ola bilməsi ilə bağlı narahatlıqlar mövcud idi.

Bayden keçən bazar günü Avropaya səfərə çıxdığı zaman Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən Ərdoğanla təxminən bir saat söhbət edib. Bazar ertəsi günün sonu, NATO sammiti ərəfəsində Ərdoğan gözlənilmədən etirazlarını geri götürüb.

Ərdoğan aylardır İsveçin Türkiyədə fəaliyyəti qadağan olunmuş kürd qruplaşmalarının üzvlərinə qarşı tədbir görməsini tələb edirdi. İsveç hökuməti isə bu tədbirləri həyata keçirdiyini bildirsə də, Türkiyə prezidenti bunun kifayət olmadığını deyirdi.

NATO sammiti ərəfəsində Ərdoğan son anda Ankaranın İsveçin NATO-ya üzvlüyünə dair razılığı məsələsini Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı dalana dirənmiş danışıqlara yenidən başlaması məsələsi ilə əlaqələndirməyə cəhd göstərib.

Eyni zamanda, Türkiyənin Amerikanın müasir F-16 qırıcılarının alınmasına dair uzun müddətdir davam edən digər tələbi görünür, İsveçlə bağlı qərarla əlaqədar yeni impuls alıb.

Prezident Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan çərşənbə axşamı deyib ki, prezident bunun NATO-nun maraqlarına uyğun olduğunu hesab edərək, “bir neçə aydır F-16-ların təhvil verilməsini dəstəklədiyini açıq və birmənalı şəkildə ifadə edib”.

“Son bir neçə ay ərzində ictimaiyyət qarşısında və özəl açıqlamalarında o heç bir qeyd-şərt və ya şərt qoymayıb. O, Konqreslə məsləhətləşərək, F-16-ların təmin edilməsində irəliləmək niyyətindədir”, Sallivan bildirib.

ABŞ administrasiyasının rəsmisi Fransa xəbər agentliyinə (AFP) bildirib ki, Ağ Ev hazırda satışa icazə verilməsinə ciddi müxalifətin olduğu Konqreslə “aktiv şəkildə işləyir”.

Sallivan “Türkiyəni hərbi təyyarələrlə təmin etmək üçün Konqreslə uyğun vaxt qrafiki üzərində işləyəcəyik” deyib. Lakin o, bunun baş verəcəyi dəqiq günü göstərə bilməyib.

Ərdoğanın Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı istəklərini İsveçin NATO-ya qəbul edilməsi məsələsi ilə əlaqələndirmək səylərinə gəlincə, Sallivan Baydenin uzun müddətdir ki, Türkiyənin Aİ-yə üzvlüyünü dəstəklədiyini deyib.

XS
SM
MD
LG