Accessibility links

Azərbaycanda inflyasiya üzrə monitorinq üçün İşçi Qrup yaradılıb


Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb.

Bu barədə iyulun 17-də Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda inflyasiyaya təsir göstərən faktorlar sadalanır, dünyada geosiyasi gərginliyin davam etdiyi, iqtisadi sanksiyaların, pandemiyanın fəsadlarının hələ tam aradan qalxmadığı qeyd edilir.

"Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir. Ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülüb. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaradıb”, məlumatda deyilir.

Sərəncama əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında bildirib ki, aprel ayında inflyasiyanın səviyyəsi 12,8% olub.

"Bizi narahat edən inflyasiyadır. Aprel ayında inflyasiyanın səviyyəsi 12,8% olub. Burada əsas ərzaq qiymətlərinin artımıdır. Aprelin proqnozlarına görə ilin sonunda illik inflyasiya 8,3% olacaq. Yanvar ayının inflyasiya proqnozu isə 7,9 % olub", o bildirib.

Azərbaycanın müstəqil iqtisadçıları bu göstəricinin daha böyük olduğunu deyirlər. Onlar hesab edir ki, ölkədə inflyasiyanın bir rəqəmli səviyyəyə endirmək üçün bazar iqtisadiyyatına keçid sürətləndirilməli, rəqabətlilik yaradılmalıdır.

İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda hökümətin inflyasiyanı cilovlaması ilə bağlı ata biləcəyi addımlar büdcədən daha çox vergi siyasəti ilə bağlı ola bilər.

“Məsələn ƏDV-dən azad edilmə, gömrük rüsumlarının bir müddət ən azı dayandırılması, bazarda rəqabət imkanlarının yaradılması ölkədə qiymətlərin səviyyəsinin normallaşdırılmasına daha çox təsir edə bilər”, o bildirib.

İqtisadçının sözlərinə görə, son illərdə Azərbaycanda ərzaq inflyasiyası yüksək olub.

XS
SM
MD
LG