Accessibility links

Ədliyyə Nazirliyi Müsavat Partiyasının 5212 üzvündən cəmi 2185 nəfərini keçərli sayıb


Müsavat partiyası Respublika Gününü Novxanıda qeyd edir (Arxiv foto)
Müsavat partiyası Respublika Gününü Novxanıda qeyd edir (Arxiv foto)

"Siyasi Partiyalar haqqında" yeni qanuna uyğun olaraq siyasi partiyalar iyulun 12-dək yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Müsavat Partiyası qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyinin partiyanın 5212 nəfərlik siyahısında 2766 nəfər barədə məlumatların düzgün qeyd edilmədiyini, 250 nəfərin partiyanın üzvü olmadığını bildirdiyini, 11 nəfərin barəsində məlumatların təkralandığını qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən verilən rəyin dəqiqləşdirilməsinə ehtiyac var. O, bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verildiyini qeyd edib:

"Biz hələ bilmirik ki, bu məlumat nə dərəcədə düzgündür. Həmin şəxslər tanımadığı adamın zənginə "üzv deyiləm" deyibsə, avtomatik olaraq partiyanın "üzvü deyil" deyə sayıla bilməz. Biz bununla bağlı Ədliyyə Nazirliyinə yenidən müraciət edəcəyik və əgər doğrudan da qeyd olunan qüsurlar mövcuddursa, halbuki, biz "Siyasi Partiyalar haqqında" qanuna uyğun, hətta anti-demokratik müddəaları nəzərə alaraq, məlumatlar göndərmişik, o qüsurları düzəldəcəyik".

Partiya başqanı bildirib ki, bu yetərli olmasa, yenilənmiş siyahını Ədliyyə Nazirliyinə təqdim edəcəklər.

Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

"Müsavat Partiyası siyasi partiyalara təzyiq kimi nəzərdə tutulan “Siyasi Partiyalar haqqında” qanuna edilmiş əlavə dəyişiklikləri də nəzərə alaraq, onların tələblərinə cavab verəcək dərəcə hüquqi baxımından hər hansı bir bəhanəyə imkan verməyəcək", deyə Hacılı bildirib.

Arif Hacılının sözlərinə görə, Müsavat Partiyasının üzvləri onların Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahıdan dəfələrlə çoxdur:

"Lakin "Siyasi partiyalar haqqında" qanunun əsas məqsədlərindən biri də siyahıda qeyd olunan şəxslərə qarşı müxtəlif təzyiq üsullarından istifadə etməkdir. Buna görə də biz qanunda tələb olunan sayda üzvün siyahısını təqdim eləmişik, partiyanın bütün üzvlərinin siyahısını təqdim etməyi lazım bilməmişik. Qanunvericilikdə partiyanın bütün üzvlərinin siyahısının təqdim edilməsi tələb olunmur. 5000 üzv tələb olunurdu deyə, biz də bu qədər təqdim eləmişik. Biz hesab edirik ki, bu siyahı partiya üzvlərinə, onların ailə üzvlərinə, yaxınlarına təzyiq etmək üçün lazımdır".

Ədliyyə Nazirliyindən Müsavat Partiyasına verdiyi cavabla bağlı şərh almaq mümkün olmayıb.

İyulun 17-də Ədliyyə Nazirliyi REAL Partiyasına da mənfi cavab vermişdi. Nazirliyin cavabında partiyanın 463 nəfərinin keçərli olduğu qeyd olunmuşdu.

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Prezident İlham Əliyev "Siyasi Partiyalar haqqında" yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib.

Sənəd müxalif partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub.

Siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

"Siyasi Partiyalar haqqında" qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz.

Azərbaycanın yerli müstəqil ekspertləri hesab edir ki, yeni qəbul edilən qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə deyib ki, son günlərdə yenidən qeydiyyat üçün müraciət edən bir sıra müxalif siyasi partiyaların üzvlərinə dövlət orqanlarından zəng edərək siyasi iradələri ilə bağlı suallar verilməsi qorxu mühiti yarada bilər.

Akif Qurbanov
Akif Qurbanov

"Siyasi partiyaların qeydiyyatı ilə bağlı üzvlərinin reyesteri yaradılıb. Bu səbəbdən üzvlərin reallığını yoxlamaq vasitələrindən biri də canlı sual-cavab etməkdir. Burada formal olaraq hər hansı problem yoxdur. Amma Azərbaycanda siyasi mühitin kontekstini nəzərə alanda təbii ki, bu həm də çəkindirici bir metod kimi başa düşülə bilir. Azərbaycan mühitində üzvlərə zəng edərək sorğu-sual etmək qorxu mühiti yarada bilərmi? Bəli, qorxu yarada bilər. Çünki Azərbaycanın dövlət qurumu ilə siyasi opponent olan tərəflər arasında normal kommunikasiya yoxdur", o qeyd edib.

Akif Qurbanov hesab edir ki, Azərbaycan hakimiyyəti təkcə "Siyasi Partiyalar haqqında" qanunla yox, həm də "Media haqqında", eləcə də "QHT-lər haqqında" qanunla icazəli mühit formalaşdırır.

"İcazəli vətəndaş cəmiyyəti, icazəli media, yəni sistemin mediası, sistemin vətəndaş cəmiyyəti, indi də sistemin, özlərinin siyasi partiyalarını yaradırlar. İcazəli siyasət formalaşdırırlar", deyə Qurbanov qeyd edib.

Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanın "Siyasi Partiyalar haqqında" yeni qanunu haqqında birgə rəyində deyilir ki, yeni qanun "ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edib".

Azərbaycan rəsmiləri isə bildirib ki, Avropa Şurasının Venesiya Komissisyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun razılaşmadığı məqamlar qanuna mənfi prizmadan baxılması və sənədə yenidən baxılması üçün heç bir əsas yaratmır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG