Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi 58 xarici jurnalistin adını “arzuolunmaz şəxs” siyahısından çıxarıb


Xarici İşlər Nazirliyində brifinq
Xarici İşlər Nazirliyində brifinq

Azərbaycan Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycanın ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından bəzi jurnalistlərin adlarının çıxarılması barədə birgə bəyanat yayıb.

İyulun 19-da Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, bəyanatda 58 nəfər xarici jurnalistin adının "arzuolunmaz şəxslər" siyahısından çıxarıldığı əks olunub.

“Həm Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalı dövründə, həm də Vətən müharibəsindən sonra regiona yüzlərlə jurnalist səfər edib. Bununla yanaşı, bir sıra əcnəbi jurnalistlərin Azərbaycan hökumətinin icazəsi olmadan keçmiş işğal altında olan ərazilərimizə səfərlər həyata keçirdiyi, bir çox hallarda, belə səfərlərin həmin şəxslərin məlumatsızlığı nəticəsində baş verdiyi bəllidir. Məlum olduğu kimi, beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanın milli və beynəlxalq qanunvericiliyinin kobud şəkildə pozulması ilə nəticələnən hər hansı bir səfərdə iştirak edən şəxs Azərbaycanda arzuolunmaz şəxs kimi müvafiq olaraq Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısına daxil edilir. Bununla yanaşı, hər il onlarla saxs bu siyahıdan adlarının çıxarılması məqsədilə Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubları ünvanlayır və müraciətlər məqsədəuyğun hesab ediləcəyi təqdirdə, onların adları siyahıdan çıxarılır”, sənəddə qeyd edilir.

Xatırladaq ki, hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxs siyahısında iki mindən çox xarici ölkə vətəndaşının adı var.

XS
SM
MD
LG