Accessibility links

Rusiyanın Odessaya raket hücumu nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb


APTOPIX Russia Ukraine War
APTOPIX Russia Ukraine War

Ukrayna rəsmiləri iyulun 23-də bildiriblər ki, Rusiyanın Ukraynanın liman şəhəri Odessaya endirdiyi yeni raket zərbələri nəticəsində 1 nəfər ölüb, 4 uşaq daxil olmaqla 22 nəfər yaralanıb.

Ukraynanın cənubundakı Odessa vilayətinin qubernatoru Oleh Kiper Telegram mesajlaşma proqramında bildirib ki, gecə ərzində Rusiya hərbçilərinin hücumu nəticəsində pravoslav kilsəsinə də ciddi zərər dəyib.

Rusiya ordusu keçən həftə Kremlin BMT-nin vasitəçiliyi ilə Ukrayna taxılının dəniz dəhlizi vasitəsilə təhlükəsiz daşınmasına imkan verən sazişdən çıxmasından sonra Odessa şəhəri və Ukraynanın digər ərzaq ixracatı obyektlərinə hərbi hücumlara başlayıb. Kyiv Moskvanı sövdələşmə üçün vacib olan taxıl tədarükü və infrastrukturu hədəf almaqda ittiham edib.

“Dinc şəhərlərə, yaşayış binalarına, kilsəyə qarşı raketlər... Rusiyanın şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu şər uduzacaq. Və Odessaya görə Rusiya terrorçularına mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”- deyə, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin Odessaya yeni hərbi hücumundan sonra Twitter səhifəsindəki paylaşımında bildirib.

Rusiya Müdafiə Nazirliyi bölgədəki hədəflərə zərbələr endirildiyini bildirib, lakin kilsənin vurulduğunu təkzib edib və binanın Ukraynanın zenit raketi ilə vurulduğunu iddia edib.

Odessa şəhəri hərbi müdaxilə başlayandan bəri bir neçə dəfə bomba hücumlarına məruz qalıb. Yanvar ayında Birləşmiş Millətlər Təşkilatının UNESCO mədəniyyət agentliyi şəhərin tarixi mərkəzini Təhlükə altında olan Mədəni İrs siyahısına daxil edib.

Son hücum iyulun 22-də gecə saatlarında Sankt-Peterburqa gələn Belarus lideri Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşdən bir neçə saat əvvələ təsadüf edir.

Kremlin bildirdiyinə görə, Lukaşenko və Putin iyulun 23-də Sankt-Peterburqda görüşüblər. Onların ölkələri arasında “strateji tərəfdaşlıq və müttəfiqliyi” müzakirə etdiləri bildirilir.

Görüş Moskvanın müttəfiqi Belarusa qarşı hər hansı təcavüzün Rusiyaya hücum kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq etməsindən iki gün sonra keçirilir.

XS
SM
MD
LG