Accessibility links

Zelenski Rusiyanın Ukraynanın ixracat obyektlərini hədəf alması fonunda Rişi Sunakla taxıl daşınması barədə danışıqlar aparıb


Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Ukraynanın liman şəhəri Odessaya yeni zərbələr endirdiyi bir vaxt iyulun 25-də Ukrayna taxılının beynəlxalq bazarlara axınının necə təmin ediləcəyi barədə danışıqlar aparıb.

Kremlin keçən həftə BMT-nin vasitəçiliyi ilə Ukrayna taxılının təhlükəsiz daşınmasına imkan verən sazişdən çıxmasından sonra Rusiyanın son günlər endirdiyi zərbələr NATO üzvü Rumıniya ilə sərhədə yaxın Dunay limanları da daxil olmaqla, Ukraynanın ərzaq ixracat obyektlərini hədəf alıb.

"Baş nazir bildirib ki, Böyük Britaniya taxıl sazişinin bərpası üçün Türkiyə ilə sıx əməkdaşlıq edir və biz Rusiyanın davranışını daha da pisləmək üçün BMT Təhlükəsizlik Şurasının sədri kimi rolumuzdan istifadə etməyə davam edəcəyik", Britaniya Baş nazirinin ofisinin açıqladığı bəyanatda bildirilir. Bəyanatda telefon danışığı zamanı Sunakın "Rusiyanın Odessaya son hücumlarının törətdiyi dağıntılardan dəhşətə gəldiyini" söylədiyi qeyd edilir.

Kyiv Moskvanı sövdələşmə üçün vacib olan taxıl tədarükü və infrastrukturu hədəf almaqda ittiham edir. Birləşmiş Millətlər Təşkilatı razılaşmanın bərpa olunmamasının "ən həssas olanların ən yüksək bədəl ödəməsi" demək olacağı barədə xəbərdarlıq edib.

Kreml iyulun 25-də BMT-nin baş katibi Antonio Quterreşin Moskvanın taxıl müqaviləsinə yenidən qoşulması çağırışını rədd edərək, sazişin Rusiyaya taxıl və gübrə ixracına icazə verən bir hissəsinə əməl edilmədiyini iddia edib.

"Təəssüf ki, hazırda sövdələşməyə qayıtmaq mümkün deyil, çünki [Rusiya ilə əlaqəli hissə] həyata keçirilmir və faktiki olaraq o heç vaxt həyata keçirilməyib" -deyə mətbuat konfransında Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Ukraynanın regional rəsmiləri iyulun 25-də səhər saatlarında Rusiyanın Kyivə dronlarla yeni hücum dalğası başlatdığını bildirir. Moskva isə Ukraynanın Qara dənizdəki patrul katerlərindən birinə hücumunu dəf etdiyini bildirib.

Kiyv şəhər hərbi administrasiyasının rəhbəri Serqey Popko bildirib ki, Rusiya qüvvələrinin gecə ərzində buraxdığı pilotsuz təyyarələrin hamısı şəhərin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Bu, ay ərzində Ukrayna paytaxtına edilən sayca altıncı hücumdur.

"Həyəcan siqnalı üç saat davam etdi. Düşmən İranın Şahed dronlarından istifadə edib. Bu, bu ay paytaxta 6-cı dron hücumudur. Kyivə yaxınlaşan bütün hava hədəfləri vaxtında müəyyən edilərək məhv edilib" deyən Popko hücumun heç bir itki və dağıntıya səbəb olmadığını bildirib.

Rusiya dronlarının hücumları həmçinin Çerkassı və Jitomir vilayətlərində də qeydə alınıb, Jitomirdə bəzi infrastrukturlara zərər dəyib.

XS
SM
MD
LG