Accessibility links

Ukrayna Staromayorske kəndini geri alıb


Ukrayna əsgərləri cənub-şərqindəki Staromayorske kəndini geri alıb. Ukrayna prezidenti Volodimir Zelenskinin cümə axşamı kəndin Rusiya qüvvələrindən azad olunması haqqında video yayıb.

Reuters xəbər verir ki, koordinatları bəlli olmayan bir yerdə çəkilən videoda bir əsgər "35-ci briqada və "Ariy" ərazi müdafiə dəstəsi tapşırığı yerinə yetirərək Staromayorske kəndini azad ediblər. Yaşasın Ukrayna!" deyə bəyan edir.

Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar Staromayorskenin azad edildiyini elan edərək, ukraynalıların indi qəsəbəni "təmizləməyə" davam etdiyini bildirib.

Staromayorske Ukraynanın iyun ayında başladığı əks-hücum zamanı geri aldığı bir qrup kiçik yaşayış məntəqəsinin cənubunda, Donetsk vilayətində yerləşir.

Bununla belə Zelenski Ukraynanın cənub və şərqini nəzarətdə saxlayan Rusiya qüvvələrinə qarşı əks-hücumun onun istədiyindən daha yavaş keçdiyini etiraf edib. Lakin çərşənbə günü o, cəbhədən "çox yaxşı nəticələr" aldığını bildirib.

Rusiya qüvvələri Ukraynanın əks-hücumunun qarşısını almaq üçün cənubda geniş mina sahələri və xəndəklər şəbəkəsi yaradıb. Rusiya prezidenti Vladimir Putin cümə axşamı Ukraynanın cənubda strateji əhəmiyyətli bölgədə hücumlarının artdığını deyib, lakin o, Rusiya televiziyasına bildirib ki, ukraynalılar heç bir irəliləyiş əldə etməyiblər.

Staromayorskenin geri alınması Ukraynanın Rusiya tərəfindən işğal olunmuş cənub-şərqdə davam edən əks-hücumunun bir hissəsidir. Strategiya Ukrayna qüvvələrinin cənuba doğru hərəkəti zamanı kəndlərin geri alınmasına yönəlib.

Aylardır ki, Ukraynanın Rusiyaya qarşı uzun sürən mübarizədə ehtiyac duyduğu sursatı tükənir.

Planla tanış olan altı rəsmiyə istinadən Politico cümə axşamı xəbər yayıb ki, indi ABŞ-ın Abrams tankları sentyabrda Ukraynaya gələcək. Əvvəllər Pentaqon rəsmiləri deyirdilər ki, tanklar təxminən payız aylarında Ukrayna döyüş meydanlarına çatacaq. Birləşmiş Ştatlar ümumilikdə 31 tank göndərməyi planlaşdırır.

Bu xəbər ABŞ-ın Ukraynaya mübahisəli kaset bombaları göndərəcəyini elan etməsindən bir neçə həftə sonraya təsadüf edir.

XS
SM
MD
LG