Accessibility links

Zelenski Rusiyanın payız və qış aylarında Ukraynanın enerji sisteminə hücumları bərpa etməyə çalışacağını gözlədiyini deyib


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın elektrik şəbəkəsinə hücumlarını bu ilin sonunda soyuq havaların başlaması ilə bərpa edəcəyini gözlədiyini bildirib və ölkənin elektrik şəbəkəsini qorumaq üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

Ukraynanın elektrik şəbəkəsinin təxminən 40 faizi ötən qış Rusiyanın raket və dron zərbələri nəticəsində zərər görüb.

Zelenski bazar günü İvano-Frankivsk bölgəsinə səfəri zamanı elektrik şəbəkəsinə yeni hücumların olacağını gözlədiyini deyib.

“Aydındır ki, bu payız və qışda düşmən Ukraynanın enerji sektoruna qarşı terroru təkrarlamağa çalışacaq. Biz istənilən halda buna hazır olmalıyıq”, Zelenski hökumətin, hüquq-mühafizə orqanlarının və regionların yüksək səviyyəli nümayəndələrinə deyib.

Ukrayna prezidenti qeyd edib ki, hökumət, təhlükəsizlik orqanları və energetika idarələri enerji sistemini zərər, təxribat və kiberhücumlardan qorumaq üçün çalışırlar.

Kyivin Qərb tərəfdaşları tərəfindən göndərilən ehtiyat enerji avadanlıqlarından istifadə edilərək aparılan sürətli təmirlər ölkənin qış mövsümündən çıxmasına kömək edib. Bu həftə Ukraynanın energetika naziri Herman Qaluşenko Ukraynanın soyuq aylarda elektrik enerjisinə olan tələbatını ödəyə biləcəyinə əminliyini ifadə edib.

Bu arada, Ukrayna Daxili İşlər Nazirliyi şənbə günü axşam Rusiyanın Ukraynanın Sumı şəhərinə raket hücumu nəticəsində azı bir nəfərin öldüyünü, beş nəfərin yaralandığını bildirib.

Zaporijyedə şəhər şurasının katibi Anatoli Kurtev Telegram kanalında şənbə günü Rusiyanın raket hücumu nəticəsində ən azı iki nəfərin həlak olduğunu, binalara zərər dəydiyini bildirib.

XS
SM
MD
LG