Sabiq ABŞ prezidenti Donald Trampı təmsil edən vəkil onun istintaqa mane olması üzrə ittihamları rədd edib. Onun sözlərinə görə, sabiq prezident cənubi Florida ştatındakı imarətində təhlükəsizlik kamerasının qeydə aldığı videonu silə bilərdi, amma bunu etməyib.
Vəkil Alina Habba Fox News telekanalına müsahibədə birbaşa olaraq müdaxilə ittihamını inkar etməyib.
“Əgər o, sənədləri təhvil vermək istəməsəydi yaxud nəyisə silmək istəsəydi, düşünmürsünüzmü ki, o, bunları edə bilərdi?” Habba sual edib. “Gəlin sadə məntiqdən çıxış edək. Lakin o, heç vaxt belə bir iş tutmazdı.”
“O, mən tanıdığım ən dürüst amerikalıdır,” Habba əlavə edib.
Xüsusi müvəkkil Cek Smit ötən həftə Trampa qarşı yeni ittihamla çıxış edib. Bu dəfəki ittiham Trampın qeyri-qanuni olaraq 32 məxfi sənədi saxladığını iddia edən mücərrəd ittihamnaməni üstələyir. Bu sənədlər Trampın Florida ştatındakı sahilyanı Mar-a-Lago adlı iqamətgahında üzə çıxarılmışdı.
Tramp indi məxfi sənədlərlə bağlı toplam 40 ittihamla üzləşir.
Tramp 2021-ci ilin əvvəlində prezidentlik dönəmi bitdikdən sonra məxfi sənədləri Milli Arxivə təhvil vermək əvəzinə onları özündə saxlayıb. İttihamnaməyə görə bundan sonra o, sənədlərin külliyatının federal müstəntiqlərdən gizlədilməsinə səy göstərib.
Yeni ittihamnamədə Tramp iki köməkçisi, Valt Nauta və Mar-a-Lago iqamətgah meneceri Carlos De Oliveira ilə əlbir olaraq təhlükəsizlik kmareasının videosunu silmək cəhdində ittiham olunur. Həmin videoda fəhlələrin sənədlərlə dolu qutuları zirzəmiyə daşıyıb oradan çıxarılması əks olunur. Dövlət müstəntiqləri həmin vaxt sənədlərin axtarışı üçün order vermişdilər.
İttihamnamədə deyilir ki De Oliveira kameranı işlədən əməkdaşa “boss”-un həmin videonu silməsini istədiyini deyib. Lakin əməkdaş cavabında bunu necə etməyi bilmədiyini və buna ixtiyarı çatdığına inanmadığını deyib.
Forum