Accessibility links

Rusiyanın Xarkivə zərbə endirməsindən bir neçə saat sonra Ukraynada ikinci hava həyəcanı siqnalı elan edilib


Avqustun 1-də günorta saatlarında Rusiyanın pilotsuz təyyarəsinin Ukraynanın şərqindəki Xarkov şəhərində kollec yataqxanasını hədəfə almasından sonra Kyivdə və Ukraynanın böyük bir hissəsində hava hücumu xəbərdarlığı edilib.

Xarkov şəhərinin meri İqor Terekovun şəhərə ən azı üç dron hücumu edildiyini bildirib. Onun sözlərinə görə sıx yaşayış məhəlləsinə edilən hücumda ən azı bir nəfər yaralanıb. O həmçinin bildirib ki, "Dronlardan biri yataqxanalardan birinin iki mərtəbəsini dağıdıb".

Regional polis rəisi Vladimir Timoşko da milli televiziyaya bildirib ki, hücum nəticəsində bir nəfər yaralanıb. Rusiya ilə sərhədə yaxın olan Xarkov tez-tez Rusiya zərbələrinin hədəfinə çevrilir.

Lakin vilayət qubernatorunun müavini Yevgeni İvanov bildirib ki, Xarkov ilk dəfədir ki, əvvəlki kimi raketlərlə deyil, dronlarla vurulub.

Digər tərəfdən avqustun 1-də Donetsk vilayətinin qubernatoru Pavlo Kyrylenko Telegram kanalında bildirib ki, vilayətin şərq bölgəsində son 24 saat ərzində Rusiyanın atəşi nəticəsində iki dinc sakin həlak olub.

Döyüş meydanında isə Ukrayna ordusunun Baş Qərargahı avqustun 1-də gündəlik hesabatında bildirib ki, Ukrayna qüvvələri bütün cəbhə xətti boyunca şiddətli döyüşlər aparıb. Son sutka ərzində 40-dan çox yaxın məsafədən döyüşlər baş verib.

Britaniya Müdafiə Nazirliyi də gündəlik kəşfiyyat bülletenində Ukraynanın cənubunda "şiddətli döyüşlər" barədə məlumat verib

Avqustun 1-də Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynanın cənubundakı Zaporijye vilayətində Rusiya hərbi qüvvələrinə baş çəkdiyini bildirib.

Ötən gün Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar Ukraynanın Zaporijiyadakı əks-hücum əməliyyatında irəliləyişlər əldə etdiyini bildirib.

"Biz Berdyansk və Melitopol istiqamətlərində tədricən, lakin əminliklə irəliləyirik" - deyə, Malyar Telegram-da bildirib. O əlavə edib ki, "əks-hücumun bütün istiqamətlərində döyüşlər davam edir".

Malyar bildirib ki, may ayında əks-hücum başlayandan bəri Ukrayna qüvvələri demək olar ki, 205 kvadrat kilometr ərazini azad edib ki, bunun da təxminən 13 kvadrat kilometri ötən həftə ərzində geri alınıb.

Hesabatı müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Moskvada şəhərin meri Sergey Sobyanin Rusiya paytaxtına Ukrayna pilotsuz təyyarəsinin hücumunun dəf edildiyini, lakin bir ofis qülləsinin zədələndiyini və şəhərin əsas hava limanlarından birinin qısa müddətə bağlandığını bildirib.

"Bir neçə pilotsuz təyyarə Moskvaya çatmağa çalışarkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Keçən dəfə olduğu kimi şəhərdəki eyni qülləni vurdular", Sobyanin Telegram kanalında həftə sonu əvvəlki dron hücumu zamanı vurulan binaya istinad edərək yazıb.

Sobyanin dron hücumunun heç bir itkiyə səbəb olmadığını deyib.

Rusiya Müdafiə Nazirliyinin Telegram-da açıqladığı mesajda iki pilotsuz təyyarənin şəhərin mərkəzindən qərb istiqamətində yerləşən ərazidə vurulduğunu bildirib.

Forum

XS
SM
MD
LG