Accessibility links

Trampa qarşı seçki nəticələrini pozmaq cəhdi üzrə rəsmi ittihamlar irəli sürüldü


Donald Trampa qarşı 45 səhifəlik ittihamnamə irəli sürülüb. 1 avqust, 2023. Vaşinqton, ABŞ.
Donald Trampa qarşı 45 səhifəlik ittihamnamə irəli sürülüb. 1 avqust, 2023. Vaşinqton, ABŞ.

VAŞİNQTON – Federal andlılar heyəti çərşənbə axşamı sabiq ABŞ prezidenti Donald Trampı hakimiyyətdə qalmaq məqsədilə 2020-ci il seçkilərinin nəticələrini aradan qaldırmaq cəhdində ittiham edib. Son ittihamlar 2024-cü ildə Ağ Evə qayıtmaqda məramlı olan Trampın hüquqi problemlərini artırır.

Dörd maddədən ibarət geniş ittihamnaməni Ədliyyə Nazirliyinin xüsusi müvəkkili Cek Smit hazırlayıb. Federal andlılar heyəti aylar boyu 2021-ci ildə Co Baydenə məğlubiyyətini heçə endirməyə çalışan, lakin buna müyəssər olmayan Donald Trampın ən yaxın müttəfiqlərini dindirib və onlardan ifadələr alıb.

45-səhifəlik ittihamnamədə bildirilir ki, 77 yaşlı Tramp ABŞ-da fırıldaq məqsədli konspirasiyada iştirak edib, başqalarının haqlarını təhlükə altında qoyub, Konqresin rəsmi prosedurunu və ABŞ seçkilərinə nəzarət edən elektoral kollegiyanın prosedurunu pozmağa cəhd edib. Söhbət 2021-ci il 6 yanvarda 2000 Tramp tərəfdarının ABŞ Kapitoli binasına basqınından gedir.

247 illik tarixə sahib ölkədə ilk dəfədir ki, sabiq prezident hakimiyyəti seçilmiş yeni prezidentə təhvil vermək əvəzinə qeyri-qanuni olaraq növbəti dörd il ərzində hakimiyyətdə qalmaq cəhdində ittiham olunur.

Xüsusi müvəkkil Cek Smit Ədliyyə Nazirliyində sabiq prezident Donald Trampa qarşı ittihamnamə ilə çıxış edir. 1 avqust, 2023. Vaşinqton, ABŞ. (AP Foto/Jacquelyn Martin)
Xüsusi müvəkkil Cek Smit Ədliyyə Nazirliyində sabiq prezident Donald Trampa qarşı ittihamnamə ilə çıxış edir. 1 avqust, 2023. Vaşinqton, ABŞ. (AP Foto/Jacquelyn Martin)

Sadalanan ittihamlar üzrə Trampın cümə axşamı hakim qarşısına çıxacağı gözlənilir.

Bu günədək də Tramp israr edir ki, seçkilərdə onun əleyhinə saxtakarlıqlar və qanun pozuntuları baş verib, hərçənd ki, onlarla hakim onun bu ittihamlarını əsassız sayıb.

İttihamnamədə deyilir ki, “uduzmasına baxmayaraq müttəhim hakimiyyətdə qalmaqda qərarlı olub”. “Odur ki, 3 noyabr, 2020-ci il seçkilərinin ardınca iki ay ərzində müttəhim özünün qələbə çalması haqda yalanlar yayıb,” ittihamnamədə qeyd olunur.

“Bu iddialar saxta idi və müttəhim bunların saxta olduğunu bilirdi,” ittihamnamədə deyilir və əlavə olunur ki, öz hərəkətləri ilə Tramp federal hökumətin təməl funksiyası olan seçkilərə nəzarət prosesini hədəf alıb.

Son iki ayda bu, Cek Smitin Trampa qarşı irli sürdüyü ikinci itthamnamədir. Belə ki, o, ötən həftə Trampın qeyri-qanuni olaraq məxfi sənədləri saxladığını iddia edən yenilənmiş ittihamnamə ilə çıxış etmişdi. Həmin sənədlər Trampın Florida ştatındakı sahilyanı Mar-a-Lago adlı iqamətgahında üzə çıxarılmışdı.

2024-cü il seçkilərinə qatılmağa hazırlaşan Donald Tramp ittihamları rədd edərək onların siyasi motivli olduğunu bildirir.
2024-cü il seçkilərinə qatılmağa hazırlaşan Donald Tramp ittihamları rədd edərək onların siyasi motivli olduğunu bildirir.

Tramp 2021-ci ilin əvvəlində prezidentlik dönəmi bitdikdən sonra məxfi sənədləri Milli Arxivə təhvil vermək əvəzinə onları özündə saxlayıb. İttihamnaməyə görə bundan sonra o, sənədlərin külliyatının federal müstəntiqlərdən gizlədilməsinə səy göstərib.

Tramp bütün ittihamları rədd edir və tez-tez Smit və digər ittihamçıları tənqid atəşinə tutur.

Tramp baş verənləri "Bayden Kriminal Ailəsinin və onların silaha çevrilmiş Ədliyyə Nazirliyinin" 2024-cü ildə keçiriləcək seçkilərə müdaxilə etmək məqsədilə "aciz cəhdi" kimi qələmə verir. O, bu ittihamnamələri "1930-cu illərdə Nasist Almaniyası , sabiq Sovet İttifaqı və digər avtoritar və diktatorial rejimlərin" praktikası ilə müqayisə edir.

Ümummilli rəy sorğuları Trampın Respublikaçı seçicilər arasında növbəti prezident seçkiləri üçün favorit namizəd olduğunu göstərir. The New York Times qəzetinin keçirdiyi son rəy sorğusu onun Baydenlə bərabər 43 faiz dəstəyə malik olduğunu göstərir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG