Accessibility links

İslam Dövləti öz rəhbərinin öldürüldüyünü nəhayət etiraf etdi


İslam Dövləti cümə axşamı lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşinin öldürüldüyünü təsdiq edərək Əbu Hafs əl-Haşimi əl-Qureyşini onun yerinə təyin edib. Bu barədə qrupun sözçüsü Telegram kanalında açıqlama verib.

Aprel ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk kəşfiyyat qüvvələrinin əl-Hüseynini Suriyada öldürdüyünü deməsindən bəri ilk dəfədir ki, militant qrup rəsmi olaraq baş verənləri etiraf edir.

Bir vaxtlar İraq və Suriyanın əhəmiyyətli kəsimlərini idarə etmiş, lakin hazırda xeyli zəifləmiş İŞİD yeni lideri haqda ətraflı məlumat verməyib.

Hərəkat Əbu Bəkr əl-Bağdadinin rəhbərliyi altında 2014-cü ildə öz nüfuzunun kulminasiya nöqtəsinə çatmışdı. Həmin vaxt əl-Bağdadi nəzarət etdiyi ərazilərdə xilafət elan etmişdi.

İŞİD idarə etdiyi ərazilərdə sərt şəriət qaydaları elan edərək çox sayda mülki vətəndaşı edam etmiş, ələlxüsus qadınlara qarşı ifrat qadağalar tətbiq etmişdi.

Qruplaşma o zaman ABŞ-ın rəhbərlik etdiyi koalisiya da daxil olmaqla İraq və Suriya hökumət qüvvələri tərəfindən geri oturdulmuşdu. Bağdadi 2019-cu ildə Suriyada ABŞ hərbi əməliyyatı nəticəsində öldürülümüşdü.

Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşi 2022-ci ilin noybarında sələfi Suriyada öldürüldükdən sonra İŞİD-ə rəhbərliyi ələ almışdı.

İŞİD militantları hazırda Suriyada və İraqda hücumlar təşkil etməkdə davam edirlər.

Hərçənd ki, onlar hələ də ölümcül hücumlar törtəmək qabiliyyətini saxlayırlar, militantların əməliyyat dairəsi daha çox ucqar bölgələrə məhdudlaşıb.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya, o cümlədən əsasən kürdlərin təşkil etdiyi Suriya Demokratik Qüvvələri Suriyada İslam Dövlətinə qarşı hələ də hərbi reydlər keçirirlər.

Forum

XS
SM
MD
LG