Accessibility links

Məmməd Talıblı: Azərbaycanda bank sektorunun depozitləri cəlb etmək mexanizmi effektiv deyil


İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda maliyyə-kredit siyasətinin hazırkı vəziyyətindən, o cümlədən bu sahədə vəziyyətin yaxşılaşdırılması istiqamətində atılmalı olan addımlardan danışıb.

Amerikanın Səsi: Milli Məclisin “Mərkəzi Bank haqqında” qanuna bir sıra dəyişikliklər edib. Sizcə bu dəyişikliklər hansı zərurətdən irəli gəlib və bank sektorunun fəaliyyətinə təsiri necə olacaq?

Məmməd Talıblı: Bunun bank sferasına necə təsir edəcəyi ilə bağlı indidən fikir söyləmək çətindir. Amma ümumilikdə bu qanun nəyə hesablanıb? Birinci odur ki, Mərkəzi Banka burada maksimal müstəqilliyik verilməsindən söhbət gedir. İlkin olaraq Mərkəzi Bankın idarə heyətinin kollegial olaraq, bir qurum olaraq qərarların verilməsi ilə bağlı idarə heyətinin üzvlərinin saynın 7-dən 9-a çatdırılması vardır. Digər tərəfdən isə bilirsiniz ki, Hesablama Palatası dövlət büdcəsi və büdcədən kənar fondlar üzərində maliyyə nəzarəti həyata keçirən qurumdur. Amma bu qanunun qəbulundan sonra Hesablama Palatası Mərkəzi Bankda Maliyyə Nəzarəti baxımından deyil, daha çox inzibati təsərrüfat nöqteyi nəzərindən nəzarət etmək, yoxlama aparmaq hüququna malik olur. Eyni zamanda burada dövlətlə, Mərkəzi Bank arasında münasibətlər dəqiqləşir. Dövlətin daha çox Mərkəzi Bankın öhdəliklərinə, Mərkəzi Bankın isə dövlətin öhdəliklərinə cavabdeh olmaması vurğulanır.

Amerikanın Səsi: Bir çoxları Azərbaycanda kreditlərin, xüsusilə də istehlak kreditlərinin faiz dərəcəsinin yüksək olduğunu iddia edir. Bu belədirmi? Ümumiyyətlə fikrinizcə Azərbaycanın mövcud maliyyə-iqtisadı durumunda maliyyə-kredit siyasəti necə olmalıdır?

Məmməd Talıblı: Azərbaycanda bank sektorunun depozitləri cəlb etmək mexanizmi effektiv deyil
please wait

No media source currently available

0:00 0:06:02 0:00

Məmməd Talıblı: Əvvala nəzərə almaq lazımdır ki, Azərbaycanda bank kreditləri 20.4 milyard manatdır. Bunun 11 milyard manatı biznes kreditləridir. 3.2 milyardı ipoteka kreditləridir. 6 milyardı isə istehlak kreditləri üçün nəzərdə tutulur. Bu istehlak kreditlərinin ümumi faiz dərəcəsi son iki ayda ortalama olaraq 15.5 faiz səviyyəsindədir. Düzdür artıq iki ay ərzində demək olar ki, 2 faizə yaxın enmələr müşahidə olundu. Amma hər bir halda istehlakçılara verilən kredit faizlərinin dərəcəsi yüksəkdir. Bu onu deməyə əsas verir ki, bizdə Avropadan, inkişaf etmiş ölkələrlə müqayisədə istehlak kreditlərinin faiz dərəcəsi 3 dəfə çoxdur. Bu o deməkdir ki, vətəndaşlar istehlak kreditindən istifadə etməyə maraqlı deyillər. Eyni zamanda başqa tərəfi odur ki, Mərkəzi Bankın 5 milyard manat səviyyəsində ehtiyyatı vardır ki, bunu bazara buraxa bilmir. Niyə? Çünki istehlak kreditlərinin faiz dərəcəsi yüksək olduğuna görə, bu kreditlərdən faydalanmaq, ümumiyyətlə cəmiyyətin iqtisadiyyatın xidmətinə təklif etmək marağı zəifdir. Ona görə də mütləq Mərkəzi Bank bununla bağlı hansısa bir uçot dərəcələrini, xüsusilə də uçot dərəcəsini aşağı salmaq siyasətini yürütmək hesabına kommersiya banklarına aşağı faizlərlə kredit təklif etməlidir ki, kommersiya bankları da onunla da, eyni zamanda aşağı kreditləri təklif edə bilsin biznes və istehlakçılara.

Amerikanın Səsi: Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl bildirib ki, Azərbaycanda əmanətlərin cəmi 10%-i banklarda saxlanılır. Bunun səbəbi nədir? Bu amil ölkənin iqtisadiyyatına necə təsir edir? Vətəndaşların passiv gəlir əldə etməsi üçün bank depozitlərindən fərqli alternativ imkanları varmı?

Məmməd Talıblı: Əvvala burada qeyd etmək lazımdır ki, Azərbaycanda əmanətlərin toplam həcmi 32 milyard manatdır. Bunun 12 milyard manatı siz söylədiyiniz fiziki şəxslərə aiddir. Bunun 20 milyardı hüquqi şəxslərə bağlıdır. Bununla da Azərbaycanda əslində Sara Mayklın söylədiyi fikrin iqtisadi baxımdan tərcüməsi budur ki, ölkədə 100 milyard manatın üzərində vətəndaşların sandıq altında yatmış əmanətləri vardır ki, banklar onu cəlbediciliyi hesabına bank sektoruna çəkə bilmir. Bunun maksimum olaraq 10-12 milyardını cəlb edə bilir. Bu da onu deməyə əsas verir ki, həqiqətən də bank sektorunda çox ciddi reformalar olmalıdır. Vətəndaşların aktivləri iqtisadiyyatın xidmətinə təklif olunmalıdır. Bununla da iqtisadiyyatın qan- damar sistemi sürətlə inkişaf etməlidir. Amma indiki halda Azərbaycanda bank sektorunun həmin o depozitləri cəlb etmək mexanizmləri çox effektiv və elastik deyil. Buna görə də vətəndaşlar daha çox sandıq altında vəsaitləri saxlanılmasına üstünlük verir, nəinki kreditləri bankların xidmətinə təklif etmək hesabına. Burada həm də Dünya Bankı ilə bərabər Beynəlxalq Valyuta Fondunun da Mərkəzi Banka başqa bir tövsiyyəsi var. O tövsiyyədə qeyd olunur ki, Mərkəzi Bank daha çox çevik siyasət yürütməlidir. Burada xüsusilə də analitik iş qabiliyyətinin, proqnozlaşdırma qabiliyyətinin yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda vətəndaşlarla effektiv kommunikasiyanın yaxşılaşdırılması. Ola bilsin bizim dinləyicilər effektiv kommunikasiyanın nədən ibarət olmasını bilməyə bilər. Burada ona görə də vacib elementlərdən biri budur ki, məsələn insanlarda inflyasiya gözləntilərinin idarə olunması ilə bağlı Mərkəzi Bank siyasət yürütməlidir. Biz bilirik ki, real inflyasiya səviyyəsi ilə elan olunmuş inflyasiya səviyyəsi arasında bir uyğunsuzluq var. Ona görə də Beynəlxalq Valyuta Fondunun burada tövsiyyə etdiyi məsələlərdən biri də budur ki, ünsiyyət imkanlarının yaxşılaşdırılması mütləq nəzərdə tutulur.

Forum

XS
SM
MD
LG