Accessibility links

Güneyli fəal Səid Minayi sorğu-suala çəkildikdən sonra sərbəst buraxılıb


Səid Minayi
Səid Minayi

Avqustun 7-də azərbaycanlı milli fəal Səid Minayi Binab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək dindirilib.

Bölgədəki hüquq müdafiəçilərinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri güneyli fəalı Binab şəhərinin Axund Qışlaq kəndində atasının evində qandallayıb naməlum yerə aparıblar.

Ona qarşı irəli sürülən ittihamlar və harada sorğu-suala çəkildiyi barədə hələ məlumat yoxdur.

Şərqi Azərbaycan vilayətinin Binab şəhərindən olan güneyli fəal bir neçə saat dindildikdən sonra sərbəst buraxılıb.

Səid Minayinin sosial mediada paylaşdığı tənqidi məqalələri ilə bağlı sorğu-suala çəkildiyi bildirilir.

Yayımlanan məlumatlara görə, Səid Minayinin həbsi və dindirilməsi təhdid və hədə-qorxu ilə müşayiət olunub.

Hazırda onun hansı şərtlərlə azad edildiyi haqda dəqiq məlumat yoxdur.

Təhlükəsizlik qüvvələri onun mobil telefonunu müsadirə ediblər.

Əldə olunan bəzi məlumatlara görə, Səid Minayi Urmiyə gölünün vəziyyətinin pisləşməsi ilə əlaqədar yazdığı tənqidi məqalələrlə bağlı dindirilib.

Bundan əvvəl Səid Minayi 2018-ci ilin aprelində “Mili Düşüncə” adlı Telegram kanalını idarə etdiyinə görə Binab şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

İran Azərbaycanında mədəni fəallar apardığı sivil fəaliyyətlər və sosial mediada paylaşdıqları yazılardan dolayı müxtəlif təzyiqlərə məruz qalır.

Forum

XS
SM
MD
LG