Accessibility links

Vəkil: Qubad İbadoğlunun ailə üzvləri ilə görüşünə məhdudiyyət qoyulub


Qubad İbadoğlu
Qubad İbadoğlu

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun səhhətində yaxşılaşma yoxdur.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev avqustun 9-da Qubad İbadoğlu ilə görüşündən sonra Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlunun qan təzyiqi əvvəlkitək "sabit deyil" və qanda şəkər yüksəkdir.

Fəxrəddin Mehdiyev: Qubad İbadoğlunun ailə üzvləri ilə görüşünə məhdudiyyət qoyulub
please wait

No media source currently available

0:00 0:01:54 0:00

“Qan təzyiqi stabil deyil, 150/95 nisbətindədir. Bu narahatedicidir. Ona istintaq təcridxanasında qan təzyiqini müntəzəm ölçməsi üçün cihaz verilib. Qubad bəy dərmanları qəbul edir”, vəkil qeyd edib.

Fəxrəddin Mehdiyevin sözlərinə görə, Qubad İbadoğlunun ailə üzvləri ilə görüşü təmin edilməyib.

“İstintaqın görüş üçün məhdudiyyəti qüvvədədir, ailə üzvləri ilə görüşə bilmir. Ailə üzvləri ilə telefon danışıqları var. Amma xarici ölkələrdə olan övladları ilə telefon əlaqələri hələ yaradılmayıb”, o bildirib.

Müdafiə tərəfi istintaq orqanının qərarından məhkəməyə şikayət verəcəyini bildirib.

Vəkil deyib ki, təcridxanada kamerada havalandırmanın olmaması Qubad İbadoğlunun səhhətinə mənfi təsir göstərir.

“Kameralarda bürküdür. Belə ki, gündüz saat 10-dan 18-dək təcridxananın qapıları açılır. Amma saat 18-dən səhər saat 10-dək qapılar bağlı olduğundan kameralarda havalandırma sistemi olmadığından kəskin bürkü olur”, o bildirib.

Vəkilin sözlərinə görə, Ombudsman Aparatının iki əməkdaşı Qubad İbadoğluya baş çəkib.

Lakin onun sözlərinə görə, hələ Beynəlxalq Qızıl Xaç Komitəsindən baş çəkməyiblər.

Vəkil istintaqın gedişilə bağlı məlumatın olub-olmaması barədə suala mənfi cavab verib.

Öz növbəsində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, nə Qubad İbadoğlu, nə də digər bir şəxs qanunsuz və zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə məruz qalmır.

please wait

No media source currently available

0:00 0:04:21 0:00

“Ümumiyyətlə hər kəsə aydındır ki, Qubad İbadoğlu konkret ittihamlar üzrə təqsirləndirilir. Yəni onun ətrafında bəzi dairələrin iddia etdiyi kimi süni siyasi ittihamlar çənbəri formalaşdırmaq hökümət üçün lüzumsuz və maraqsızdır. Bunu belə dərk eləmək lazımdır. Azərbaycan hüquqi dövlətdir. Bu ölkədə cinayət təqibi siyasiləşə bilməz. Yalnız maddi və prosessual normalarla cinayət təqibi həllini tapır”, o deyib.

Deputatın bildirdiyinə görə, “cəmiyyətdə də heç bir siyasi fəaliyyəti ilə yadda qalmayan” İbadoğlunun qanuni əsaslarla həbsə alınması, yaxud azadlıqda qalması hakimiyyət üçün nəyisə dəyişmir.

“Bu mənada bir daha qeyd edilməlidir ki, İbadoğlunun həbsi siyasi məsələ deyil. Konkret faktlar üzrə cinayət təqibi başlanıb bu məsələ üzrə, istintaqın gedişində də dövlətin adiyyatı sturkturların əsas hədəfi ondan ibarətdir ki, cinayət prosesində hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında bu prosesin həyata keçirilməsini təmin etsinlər”, o bildirib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Forum

XS
SM
MD
LG