Cümə günü səhər paytaxt Kyivdə bir neçə partlayış səsləri eşidilib. Bundan əvvəl şəhər meri Vitali Kliçko sakinləri hava hücumu üçün sığınacaqlara getməyə çağırmışdı. Üstəlik Ukrayna rəsmiləri ölkə miqyasında hava hücumu xəbərdarlığı elan edib.
Səhər saatlarında uşaq xəstəxanası yaxınlığında raketin vurulması haqqında xəbər verilib. Raketin qalıqları xəstəxananın yaxınlığında düşsə də hadisə nəticəsində xəsarət alan olmayıb.
Avqustun 10-da Rusiya raketi Ukraynanın Zaporojjya şəhərində Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının tez-tez istifadə etdiyi otelə düşüb. Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb. Məlumatı Ukrayna rəsmiləri bildirib.
"Zaporijjya. Hər gün Rusiyanın atəşindən əziyyət çəkən şəhər. İşğalçılar onu raketlə vurduqdan sonra mülki binada yanğın baş verib," Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna üzrə humanitar yardım koordinatoru Denis Braun Reuters agentliyinə bildirib ki, BMT əməkdaşları şəhərdə işlədikləri zaman Reikartz otelində qalıblar.
"Bir müddət əvvəl Zaporijjyada Birləşmiş Millətlər Təşkilatının əməkdaşları və müharibədən zərər çəkmiş insanlara dəstək verən QHT-lərdən olan həmkarlarımızın tez-tez istifadə etdiyi bir otelin Rusiyanın zərbəsi ilə vurulması xəbərindən dəhşətə gəldim. Mən hər dəfə Zaporijyaya səfər edəndə bu oteldə qalmışam," o, göndərdiyi emaildə yazıb.
Hava hücumu nəticəsində yaralanan 16 nəfərdən dördü uşaqdır. Bu Zaporojjya şəhərinə iki gün ərzində edilmiş ardıcıl hücumdur.
Rusiyanın işğalı altında olan Zaporijjya həm də Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi ərazi olduğu üçün müharibənin mərkəzinə çevrilib.
Ukraynanın Milli Nüvə Enerjisi İstehsalçı Şirkəti olan Energoatom cümə axşamı bildirib ki, avqustun 9-u və 10-u zavodun qalan sonuncu xarici xətti ilə əlaqə kəsilib və ehtiyat xəttə keçirilib.
"Belə rejim reaktor stansiyası üçün çətindir, onun müddəti layihənin dizaynı ilə məhdudlaşır və bu, enerji blokunun əsas avadanlığının sıradan çıxması ilə nəticələnə bilər," Energoatom Telegramda bildirib.
Forum