Accessibility links

Ermənistan BMT TŞ-na müraciət etdi, Bakı Yerevanı gərginliyi artırmaqda ittiham etdi


Ermənistan BMT Təhlükəsizlik Şurasına ünvanladığı müraciətdə Qarabağdakı ermənilərin durumunu müzakirə etmək üçün növbədənkənar iclasın keçirilməsini xahiş edib.

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan öz məktubunda Qarabağ ermənilərinin "total blokada" şəraitində yaşadığını bildirib.

Öz növbəsində Azərbaycan xarici işlər nazirliyi Ermənistan rəhbərliyininj “revanşizm siyasətinin qurbanına” çevrildiyini bəyan edərək Yerevanı BMT Təhlükəsizlik Şurasını "manipulyasiya kampaniyası üçün alətə çevirmək" cəhdində ittiham edib.

Rəsmi Yerevan Azərbaycanın Laçın dəhlizini 15 iyunda bağladığını və bununla da Qarabağ ermənilərinin Ermənistana və dünyaya çıxışını kəsdiyini bildirir. Ermənistan nəticədə bölgədə humanitar vəziyyətin ağırlaşdığını və yerli əhalinin ərzaq, dərman və yanacaq qıtlığı ilə üzləşdiyini bildirir.

Azərbaycan tərəfi isə rəsmi Yerevanın iddialarını rədd edərək humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istiafə etməyi təklif edib.

“Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir,” Azərbaycan XİN bildirib.

Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurasının bir sıra xüsusi məruzəçiləri və ekspertləri Azərbaycanı Laçın dəhlizinin blokadasını götürməyə və Dağlıq Qarabağda humanitar böhranı dayandırmağa çağırıblar.

BMT ekspertlərinin bəyanatında deyilir ki, son 7 ayda Qarabağı Ermənistanla birləşdirən yeganə yolu əngəlləyən blokada əhalini kəskin ərzaq məhsulları, dərman və gigiyena vasitələri çatışmazlığı ilə üz-üzə qoyub, tibb və təhsil müəssisələrinin fəaliyyətinə təsir göstərib, sakinlər - xüsusilə uşaqlar, əlillər, yaşlılar, hamilə qadınlar və xəstələr - əhəmiyyətli risk altındadır.

“Laçın dəhlizinin blokadası humanitar fövqəladə haldır ki, günəbaxan yağı, balıq, toyuq əti, süd məhsulları, dənli bitkilər, şəkər və körpə süni qarışıqları da daxil olmaqla, əsas qida məhsullarının kəskin çatışmazlığına səbəb olub,” ekspertlər bildirib.

Onlar xəbərdarlıq ediblər ki, bölgədə tibbi ehtiyatlar sürətlə tükənir və yanacaq ehtiyatlarının azalması səbəbindən təcili yardım maşınlarının fəaliyyəti çətinləşir, xəstələrə qayğı göstərməkdə çətinliklər yaranır.

Azərbaycan bu il aprelin 23-də Ermənistanla sərhəddə Laçın sərhəd buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd buraxılış məntəqəsi bir müddət bağlanıb.

İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.

Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb.

İyulun 14-də Azərbaycan erməni sakinlərin zəruri qaydalara riayət etməklə tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin yenidən mümkün olduğunu, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırıla biləcəyini bildirib.

Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib.

Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayayaraq narahatlıq ifadə ediblər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG