Accessibility links

Azərbaycan qazının Macarıstana nəqlinin həcmi 1 milyard kubmetrə çatdırılacaq


Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı yeni səviyyəyə qaldırıb.

“Bu inkişaf Macarıstanın enerji təhlükəsizliyinə müsbət töhfə kimi qiymətləndirilir. Bundan əlavə, Macarıstan şirkətləri Dağlıq Qarabağ bölgəsində müharibədən sonra Soltanlı qəsəbəsinin yenidən qurulmasında iştirak edəcək. Yenidənqurma işlərini Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş Macarıstan firmalarından ibarət konsorsium həyata keçirəcək. Bu dərinləşən tərəfdaşlıq həm də Azərbaycanın Avropanın qaz təchizatı dinamikasında dəyişən əhəmiyyətini vurğulayır”, o qeyd edib.

Nazir əlavə edib ki, Macarıstan uzun müddətdir ki, Azərbaycanla əməkdaşlığı inkişaf etdirir .

“Bu, ikitərəfli strateji əməkdaşlığımızda mühüm addım deməkdir. Macarıstan və Azərbaycan Macarıstanda 50 milyon kubmetr qazın saxlanmasını nəzərdə tutan qaz tədarükü sazişinin təşəbbüskarı olub və qaz axını artıq başlayıb”, o qeyd edib.

Xatırlatma

Ekspertlər qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto iyunun 2-də Macarıstanın MVM CEEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbaycan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcəyini bildirib.

“Macarıstanın enerji təchizatının təhlükəsizliyi artıb. Etibarlılığı təmin etmək üçün mümkün qədər yeni mənbələr cəlb edilməlidir. Qafqazdan bizə ildə 2 milyard kubmetrə qədər qaz daxil olacaq. Bu uzunmüddətli müqavilə üçün əsas ola bilər”, Siyarto Facebook hesabında bildirib.

Bu il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bidlirib ki, anlaşma memorandumu Azərbaycan və daha 5 ölkə arasında Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə İnfrastrukturun genişləndirlməsini nəzərdə tutur.

“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.

Ekspert bildirib ki, ötən il imzalanmış memoranduma uyğun olaraq qaz ixraçı 10 milyard kubmetr artırılaraq ildə 20 milyard kubmetrədək çatdırılacaq.

Forum

XS
SM
MD
LG