Accessibility links

HRW: Səudiyyə mühafizəçiləri sərhədi keçmək istəyən efiopiyalıları öldürür


Human Rights Watch təşkilatı bazar ertəsi açıqladığı hesabatda Səudiyyə sərhədçilərinin 2022-ci ilin martından 2023-cü ilin iyununa qədər Yəməndən Səudiyyə Ərəbistanına keçməyə çalışan ən azı yüzlərlə efiopiyalı miqrant və sığınacaq axtaran şəxsi öldürdüyünü iddia edir.

HRW-nin fikrincə, bu qətllər Səudiyyə hökumətinin siyasətinin bir hissəsi olsaydı, insanlığa qarşı cinayət sayılardı. Hüquq qrupu BMT-ni araşdırmaya çağırıb.

Səudiyyə Ərəbistanının Yəmən-Səudiyyə sərhəddində Efiopiyalı Miqrantların Kütləvi Qətlləri" adlı hesabatda deyilir ki, "Səudiyyə sərhədçiləri geniş yayılmış və sistematik hücum modeli çərçivəsində çoxsaylı qadın və uşaq da daxil olmaqla, bir çox miqrantı öldürmək üçün partlayıcı silahlardan istifadə edib və digər miqrantları yaxın məsafədən vurublar".

HRW-nin qaçqın və miqrant hüquqları üzrə tədqiqatçısı Nadia Hardman deyib ki, qətllər "dünyanın qalan hissəsinin görmədiyi uzaq sərhəd bölgəsində" həyata keçirilir.

"Səudiyyənin imicini yaxşılaşdırmaq üçün peşəkar qolf, futbol klubları və böyük əyləncə tədbirlərinə milyardlarla pul xərcləmək diqqəti bu dəhşətli cinayətlərdən yayındırmamalıdır", o qeys edib..

İnsan haqları qrupu bildirib ki, qətllər hələ də davam edir.

Səudiyyə rəsmiləri Associated Press-in şərh sorğusuna hələ cavab verməyib, lakin onlar əvvəllər əsgərlərinin miqrantları öldürdüyünü təkzib edib.

HRW 18 ay ərzində Yəmən-Səudiyyə sərhədini keçməyə çalışan 38 efiopiyalı miqrant və onların dörd qohumu ilə müsahibə apardığını bildirib.

HRW hesabatda bildirib ki, 12 may 2021-ci il və 18 iyul 2023-cü il tarixləri arasında sosial mediada yerləşdirilən və ya digər mənbələrdən toplanan 350-dən çox video və fotoşəkili təhlil edib.

Zərərçəkmişlərin dediyinə görə, hücumlarda minaatan mərmilər və digər partlayıcılardan istifadə edilib.

14 yaşlı bir qız HRW-yə deyib: "Bizi dəfələrlə atəşə tutdular. Heç vaxt təsəvvür etmədiyim şəkildə insanların öldürüldüyünü gördüm. . . Daşın altına gizlənib orada yatdım. Ətrafımda insanların yatdığını hiss edirdim. Ətrafımda yatan insanların əslində cəsədlər olduğunu başa düşdüm. Oyandım və mən tək idim".

Forum

XS
SM
MD
LG