Accessibility links

Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir


Bazar günü Yunanıstanda suburaxan təyyarələr və helikopterlərdən ibarət donanmanın dəstəyi ilə 600-dən çox yanğınsöndürən üç böyük meşə yanğını ilə mübarizə aparıb.

Ölkənin şimal-şərqindəki Evros və Aleksandrupolis bölgələrində 20 nəfərin ölümünə səbəb olduğu güman edilən güclü yanğın doqquzuncu gündür ki, davam edir.

Avropa İttifaqı ölkələrini təsirinə məruz qoyan ən böyük meşə yanğınlarından biri Aleksandrupolis şəhərinin ucqar ərazilərində geniş meşə sahələrini məhv edib və evləri yandırıb.

Bazar günü 295 yanğınsöndürən, 7 təyyarə və 5 helikopter yanğınla mübarizə aparıb.

Avropa İttifaqının Kopernik Fövqəladə İdarəetmə Xidməti bildirib ki, 120 aktiv qaynar nöqtəyə malik meşə yanğını 77 000 hektar ərazini yandırıb.

Kopernik Aİ kosmik proqramının Yerin müşahidə komponentidir və xəritələmə məlumatlarını təmin etmək üçün peyk görüntülərindən istifadə edir.

Yunanıstan paytaxtının şimal-qərbində daha bir böyük meşə yanğını günlərdir evləri yandırır və alovAfina yaxınlığındakı sonuncu yaşıl ərazilərdən biri olan Parnitha dağındakı milli parka yayılıb.

Yanğınsöndürmə idarəsi bildirib ki, 260 yanğınsöndürən, bir təyyarə və üç helikopter alovu söndürməyə çalışır.

Üçüncü böyük meşə yanğını şənbə günü Andros adasında başlayıb və bazar günü 73 yanğınsöndürən, 2 təyyarə və 2 helikopter alovu söndürüb. Yanğına ildırımın səbəb olduğu ehtimal edilir.

Yayı isti və quraq keçən Cənubi Avropa ölkələri meşə yanğınlarına xüsusilə meyllidir. Avropa İttifaqı rəsmiləri 2022-ci ilin 2017-ci ildən sonra qeydə alınan meşə yanğınlarının zərərinə görə ikinci ən pis il olduğunu qeyd edərək, Avropada meşə yanğınlarının tezliyi və intensivliyinin artmasında iqlim dəyişikliyini günahlandırıb.

Yunanıstanda iki ən böyük yanğının səbəbləri hələ müəyyən edilməyib. Bəzi kiçik yanğınlara görə rəsmilər yandırma və ya səhlənkarlığın şübhəli olduğunu və bir neçə nəfərin həbs edildiyini bildirib.

Forum

XS
SM
MD
LG