Accessibility links

Avropa Şurasının insan hüquqları Komissarı Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib


Dunja Mijatović
Dunja Mijatović

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Qarabağda humanitar vəziyyət və yerli əhalinin insan haqları ilə bağlı narahatlıq ifadə edib. Miyatoviç avqustun 28-i yaydığı bəyanatda Laçın yolu ilə sərbəst hərəkətin bərpa edilməsinə çağırıb.

“Mənim və digər çoxsaylı beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, insanların gediş-gəlişində, ərzaq və tibbi ehtiyacların təchizatında uzun müddət davam edən fasilələr səbəbindən ərazidə humanitar və insan hüquqlarının vəziyyətinin daha da pisləşdiyi, bunun xüsusən də ən həssas təbəqəyə təsir etdiyi bildirilir. Hazırda Laçın dəhlizi üzərindən fəaliyyət göstərən yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əhalinin dərman və zəruri ehtiyacların çatışmazlığı ilə üzləşdiyini bildirib”, bəyanatda qeyd edilib.

Miyatoviç tərəfləri yerli əhalinin üzləşdiyi “çox təhlükəli vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün dərhal həll yolu tapmağa, humanitar yardım və insan hüquqlarının müdafiəsini təmin edənlərə təhlükəsiz və sərbəst keçidin təmin edilməsinə” çağırıb.

“Ermənistan və Azərbaycan barışıq yolunda irəliləmək və hər kəs üçün davamlı sülhü təmin etmək üçün səy göstərməlidir. Mən bütün tərəflərlə əlaqə saxlamağa və mövcud insan haqları problemlərinin aradan qaldırılmasına kömək etmək üçün Dağlıq Qarabağa səfər etmək üçün hazır olduğumu bir daha təsdiq edirəm”, Komissar əlavə edib.

Rəsmi Bakı Qarabağın blokadada olması ilə bağlı iddiaları qəti şəkildə rədd edir.

Azərbaycanın Ermənistanla sərhəddə bu ilin aprelində “Laçın” sərhəd buraxılış məntəqəsi qurub. Yerli erməni əhalinin və yüklərin BQXK və ya Rusiya sülhməramlılarının müşayiətilə keçidinə şərait yaradılıb. İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyul ayının 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

BQXK 18 avqustda yaydığı məlumata görə, Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikalı həmkarı ilə Bakıda təşkil etdiyi mətbuat konfransında Ermənistanın humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi marşrutlardan imtina etməsi məsələni siyasiləşdirdiyini deyib.

“Humanitar yardımı yalnız bir marşrutla qəbul etmək, digər alternativ yollardan imtina etmək məsələni siyasiləşdirmək deməkdir. Ermənistan məhz bunu edir,” o qeyd edib.

Forum

XS
SM
MD
LG