Accessibility links

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazisindən ABŞ və İsrail təyyarələrinə radiomaneə tətbiq edildiyi bildirilir


Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 1-də Azərbaycan ərazisindən istifadə edən ABŞ və İsrail Hava Yollarının sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərində fasilə yaranması haqda məlumat yayıb.

“Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib”, deyə nazirliyin məlumatında bildirilir.

Müdafiə Nazirliyinin məlumatında əlavə edilir ki, naviqasiya sistemlərində problemlər yaranan təyyarələr ABŞ Hava Yollarının Paris-Pekin marşrutu üzrə və İsrail Hava Yollarının Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən sərnişin təyyarələri olub. Naviqasiya sistemlərində fasilələr uçuşlar üzrə müvafiq olaraq 21 və 28 dəqiqə müddətində olduğu deyilir.

Məlumatda Rusiya sülhməramlı kontingentinin komandanlığının məlumatlandırıldığı qeyd edilir. Daha öncə, avqustun 21-də Azərbaycan Müdafiə Nazirliyi ölkə hava məkanından keçən uçuşların təhlükəsizliyinə “ciddi təhdid yaradan bu təxribatlara qarşı” Rusiya sülhməramlı kontingenti tərəfindən bugünədək tədbirlərin görülmədiyini bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi və Rusiya Sülhməramlı Kontingenti Azərbaycan Müdafiə Nazirliyinin məlumatları barədə indiyədək hər hansı şərh verməyib. Rusiya Sülhməramlı Kontingentinin sentyabrın 1-nə aid informasiya bülletenində də bu barədə məlumat yoxdur.

Ehtiyatda olan polkovnik, hərbi məsələlər üzrə təhlilçi Üzeyir Cəfərov Amerikanın Səsinə deyib ki, təyyarələrə radiomaneələr tətbiq edə biləcək “bahalı qurğular və bu qurğuları idarə edən mütəxəssislər” yalnız Rusiya sülhməramlı kontingentində ola bilər. Onun fikrincə, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə üçtərəfli bəyanatda nəzərdə tutulmayan, Rusiya Ordusunun ştat cədvəlinə daxil olmayan xeyli avadanlıq və hərbi texnika gətirib.

“Ölkənin təhlükəsizliyinə cavabdeh olan rəsmi qurumlar Rusiyanın Azərbaycan ərazisindəki hərbi kontingentinin istifadə etdiyi hərbi texnikanın və avadanlıqların üçtərəfli bəyanata uyğun olub-olmaması ilə bağlı vaxtaşırı yoxlama aparmaldır”, hərbi məsələlər üzrə təhlilçi belə düşünür.

Forum

XS
SM
MD
LG