Son iyirmi gündə Azərbaycan Dövlət Gömrük Komitəsinin 4 vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs edilib.
Baş Prokurorluğun sentyabrın 5-də yaydığı məlumata görə, bu qurumun Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
Anar Aslanova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan öncə, avqustun 16-da, 29-da və sentyabrın 1-də Azərbaycan Gömrük Komitəsinin vəzifəli şəxsləri eyni ittihamlarla həbs edilib.
Artıq illərdir gömrük orqanlarının çoxsaylı vəzifəli şəxsləri rüşvət almaq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbsə məhkum edilir. Bununla yanaşı müşahidəçilər bu sistemdə neqativ halların hələ də davam etdiyini bildirir.
Təhliçilər gömrük strukturunda ciddi islahatlara, şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirlməsinə ciddi ehtiyac duyulduğunu bildirir.
Forum