Accessibility links

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2000-ni keçib


Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı iki mini keçib. Xəsarət alanların sayı 2059 nəfərdir və onlardan 1404 nəfərin vəziyyəti ağırdır. Bu barədə Reuters xəbər agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Associated Press yazır ki, xilasedicilər zəlzələdən zərər çəkmiş ucqar ərazilərə hələ çatmadığı üçün qurbanların sayı daha çox ola bilər.

Daha öncə 1305 nəfərin öldüyü, 1832 nəfərin yaralandığı bildirilirdi. Tələfatların əsas hissəsi Mərakeş şəhərində və yeraltı təkanların episentrinə yaxın beş əyalətdə baş verib.

Sentyabrın 9-na keçən gecə Mərakeşin mərkəzi hissəsində zəlzələ baş verib. Müxtəlif hesablamalara görə, zəlzələnin gücü 6,8 - 7,2 bal təşkil edib. Bu, ölkədə son 50 ilin ən güclü zəlzələsi idi. Episentrə ən yaxın olan böyük şəhər olan Mərakeşdə zəlzələ YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər də daxil olmaqla yaşayış binalarının və digər binaların dağılmasına səbəb olub.

Mərakeş kralı VI Məhəmməd sağ qalanları axtarmaq üçün ordunun axtarış-xilasetmə qruplarını səfərbər edib. Axtarışlara helikopterlər və dronlar cəlb edilib. Ölkədə üç günlük milli matəm elan edilib.

Mərakeşin bir çox yerində insanlar cümə günündən evlərinə qayıtmaqdan qorxaraq küçələrdə yatırlar. Bu, xüsusilə ölkənin ən böyük şəhərlərindən biri olan, zəlzələnin episentrindən təxminən 70 kilometr şimal-şərqdə yerləşən Mərakeşdə nəzərə çarpır. Bəziləri yeraltı təkanlardan qorxduqlarını deyir, bəziləri isə zəlzələnin onların evlərinə ciddi ziyan vurduğunu və indi orada qalmağın təhlükəli olduğunu düşünür.

Forum

XS
SM
MD
LG