Accessibility links

ABŞ-da 11 sentyabr terror hücumunun 22-ci ildönümü anılır


ABŞ-da bazar ertəsi 3,000-ə yaxın insanın ölümünə səbəb olan 11 sentyabr terror aksiyalarının 22-ci ildönümüdür.

Prezident Co Baydenin Alyaska ştatının Ankoric şəhərindəki hərbi bazada hərbçilər, ilk müdaxilə edənlər və onların ailələri qarşısında çıxışı planlaşdırılır. Bayden Alyaskada Hindistanda Böyük 20-lər (G20) sammiti və Vyetnamda liderlərlə görüş daxil olmaqla, xaricə səfərdən vətəninə qayıdarkən dayanıb.

Bazar ertəsi Nyu-York, Pensilvaniya və Pentaqonda fəlakət yerlərində keçirilən anım mərasimlərində 11 sentyabr ildönümü prezident olmadan qeyd edilsə də, bu, görünməmiş bir hadisə deyil.

Prezident Corc Buş 2005-ci ildə Ağ Evin həyətində anım mərasimi keçirmişdi və prezident Barak Obama 2015-ci ildə yaxınlıqdakı Fort Meade hərbi bazasınd hərbçilərin əməyinin şərəfinə keçirilən tədbirə qatılmazdan əvvəl Ağ Evdə bir dəqiqəlik sükutda iştirak etmişdi.

Vitse-prezident Kamala Harrisin Nyu Yorkdakı Milli 11 Sentyabr Memorialı və Muzeyində keçiriləcək mərasimdə iştirakı planlaşdırılır.

Əl-Qaidə terrorçularının iki təyyarəni qaçıraraq Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpması hər iki binanın uçmasına səbəb olmuşdu.

Kamala Harrisin həyat yoldaşı Duqlas Emhoff Pensilvaniya ştatının Şenksvill şəhərində daha bir təyyarənin düşdüyü ərazidəki abidənin önünə əklil qoymağı planlaşdırır.

ABŞ-ın birinci xanımı Cil Bayden, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Pentaqonun 11 sentyabr Milli Memorialına əklilqoyma mərasimində iştirak edəcək.

Terrorçular qaçırılan təyyarəni ABŞ Müdafiə Nazirliyinin qərargahı kimi xidmət edən binaya çırpıblar.

Sentyabrın 11-i ABŞ-da Milli Xidmət və Xatirə Günüdür.

Bu gün həm də faciə qurbanları və terror hücumlarına cavab verənlərin şərəfinə xeyirxah əməllər günüdür.

Forum

XS
SM
MD
LG