Accessibility links

Putin F-16 tədarükünün Ukraynaya təsirini rədd edib


Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı bildirib ki, Qərbin Ukraynaya F-16 qırıcıları tədarük etməsi münaqişəni yalnız uzadacaq.

Vladivostokda iqtisadi forumda çıxış edən Putin həmçinin hər gün 1000-1500 rusiyalının Rusiya ordusuna könüllü getdiyini və son altı ayda 270 min nəfərin qeydiyyatdan keçdiyini bildirib. Putin deyib ki, Ukraynanın işğal altında olan ərazilərini Rusiya qüvvələrindən geri almaq üçün iyun ayında başlatdığı əks-hücum uğursuzluqla nəticələnib.

Ukrayna qüvvələri Rusiyanın müdafiə xəttini və mina sahələrini yarmağa çalışarkən Ukraynanın şərqində və cənubunda bəzi kəndləri geri alıb.

Keçən həftə dövlət katibi Antoni Blinken Ukrayna liderləri ilə məsləhətləşmələr aparmaq üçün Kyivə gedən nümayəndə heyətinin başçısı kimi ABŞ-ın Ukraynaya son hərbi yardım paketini açıqlayıb. Blinken əks-hücumun gedişini “çox ümidverici” adlandırıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi mətbuat brifinqində bildirib ki, Birləşmiş Ştatlar Ukrayna qüvvələrinin quruda əldə etdiyi irəliləyişi qiymətləndirməyə davam edir və Rusiyanın Ukraynada ümumi strateji hədəfləri iflasa uğrayıb.

“Onların məqsədləri Kyivi, bütün ölkənin olmasa da, əksəriyyətini ələ keçirmək, Ukraynanın demokratik yolla seçilmiş hökumətini devirməkdir. Bütün bunlarda uğursuzluğa düçar oldular", o deyib. Miller qeyd edib ki, ukraynalılar Rusiyanın tammiqyaslı işğalının ən qızğın çağında işğal etdiyi ərazilərin təxminən 50%-ni geri alıb.

Dövlət Departamentinin rəsmisi deyib ki, Rusiyanın müharibə səylərini davam etdirməkdə çətinlik çəkdiyinin göstəricilərindən biri [Rusiya prezidenti Vladimir] Putinin “[Şimali Koreya lideri] Kim Çen İndan hərbi yardım istəmək üçün əlində papaqla ölkəsini gəzməsi”dir.

Dörd ABŞ rəsmisinin dediyinə görə, Bayden administrasiyası Ukraynanı kaset bombaları ilə dolu və Rusiyanın işğal etdiyi ərazilərin dərinliklərində ciddi ziyan vura biləcək uzunmənzilli raketlərlə təchiz etməyi düşünür.

Son aylar 155 mm-lik artilleriya mərmilərində təslim edilən kaset sursatlarının uğurunu gördükdən sonra ABŞ 306 kilometrə qədər uça bilən Ordu Taktiki Raket Sistemləri (ATACMS) və 72 radiuslu raket sistemini (GMLRS) göndərməyi planlaşdırır.

Forum

XS
SM
MD
LG