Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri deyib ki, onu beynəlxalq ictimaiyyətin İranın inkişaf edən nüvə proqramına görə məsuliyyət daşımasına marağını itirməsi narahat edir.
Narahatlıq keçən ay məhbus mübadiləsini elan edən İran və ABŞ arasında gərginliyin azaldılmasından sonra səslənib.
Keçən həftə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məxfi hesabatlarda İranın bir sıra həlledici nüvə məsələlərində "heç bir irəliləyiş əldə etmədiyini" bildirib.
Bunlara Tehranın nüvə obyektlərindən çıxardığı BAEA-nın müşahidə kameralarının yenidən quraşdırılması və İranda tapılan uran hissəciklərinin mövcudluğunu izah etmək daxildir.
Qurumun baş direktoru Rafael Qrossi BAEA-ya üzv dövlətlərin adlarını çəkmədən onların “marağını azaldığını” müşahidə etdiyini bildirib. O, BAEA İdarə Heyətinin iclasının ilk günündə jurnalistlərə deyib: “Orada [İranda] baş verənlərin müəyyən müntəzəmliyi var və mən bundan narahatam, çünki bu məsələlər həmişə olduğu kimi bu gün də aktualdır”.
Diplomatik mənbələr bildirirlər ki, ABŞ və E3 qrupu - Fransa, Almaniya və Britaniya bu həftə İranı BAEA ilə əməkdaşlıq etmədiyinə görə qınamaq niyyətində deyil.
Mənbənin AFP-yə verdiyi məlumata görə, bunun əvəzinə Vaşinqtonun göstərişi ilə onlar BAEA direktorlar şurasının iclasında geniş dəstək alacağı gözlənilən birgə bəyannamə təqdim edəcəklər.
Ötən ay İran ABŞ-la Tehranda saxlanılan 5 ABŞ vətəndaşının və ABŞ-da saxlanılan bir neçə iranlının azad edilməsini əhatə edən məhbus mübadiləsinə dair razılaşma əldə etdiyini bildirib.
"Biz bilirik ki, bir növ ikitərəfli proses var. ABŞ bu barədə bizə məlumat verib. Amma nüvə hissəsinə gəldikdə, nədən danışacağımız aydın deyil", Qrossi vurğulayıb.
“Beynəlxalq gündəmdə bir çox aktual məsələlər var, lakin mən hesab edirəm ki, agentliyin işində dəstəyin davam etdirilməsi vacibdir” - deyə, o qeyd edib.
2015-ci ildə böyük dünya gücləri İranla razılığa gəliblər ki, bu razılaşmaya əsasən Tehran iqtisadi sanksiyalardan xilas olmaq müqabilində nüvə proqramını məhdudlaşdıracaq.
2018-ci ildə ovaxtkı ABŞ Prezidenti Donald Tramp birtərəfli qaydada razılıqdan geri çəkilib və sanksiyaları bərpa edib. Tehran da öz növbəsində nüvə proqramını gücləndirib.
Müqaviləni bərpa etmək cəhdləri indiyədək uğursuz olub. İran həmişə nüvə silahı potensialını inkişaf etdirməsinə dair bütün ambisiyalarını rədd edərək, fəaliyyətinin yalnız dinc xarakter daşıdığını təkid edib.
Forum