Accessibility links

BMT: Sudanda etnik hücumlar nəticəsində yüzlərlə insan həlak olub


Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə komissarı bildirib ki, Sudanın yarı-hərbi Çevik Dəstək Qüvvələri (RSF) və müttəfiq yaraqlılar tərəfindən törədilən etnik motivli hücumlar Qərbi Darfur bölgəsində yüzlərlə insanın ölümünə səbəb olub.

Sudan ordusu ilə RSF arasında aprel ayında başlayan döyüşlər ölkəni vətəndaş müharibəsi həddinə çatdırdıqdan sonra qan tökülməsi, zorakılıq və köçkünlük artıb.

"Qərbi Darfurda RSF və müttəfiq ərəb yaraqlılar tərəfindən törədilən etnik motivli hücumlar, əsasən Masalit icmalarından olan yüzlərlə qeyri-ərəb mülki şəxsin ölümü ilə nəticələnib", BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk İnsan Haqları Şurasına deyib.

O, 2003-2008-ci illər arasında Darfurda baş verən qarşıdurmada 300 000-ə qədər insanın öldürülməsinə və 2 milyondan çox insanın didərgin düşməsinə işarə edərək, "Bu cür hadisələr təkrarlanmamalı olan dəhşətli keçmişi əks etdirir" deyib.

Turk,son hücumların əsasən Qərbi Darfurun paytaxtı El Geneina və Sudanın ən qərb şəhərində, eyni zamanda ən azı səkkiz başqa yerdə törədildiyini bildirib. Onun sözlərinə görə, RSF Qərbi Darfurdakı iki məntəqədən başqa hamısına nəzarət edir.

RSF münaqişə müşahidəçiləri, hüquq qrupları və şahidlərin mülki şəxslərə hücumların arxasında onun dayandığı ilə bağlı ittihamlarını rədd edərək, bunda əli olduğu aşkar edilən hərbçilərinin məsuliyyətə cəlb ediləcəyini bildirib.

El Geneinadakı ən böyük icma olan ərəb olmayan Masalit xalqına qarşı hücumlar on minlərlə insanı yaxınlıqdakı sərhəddən Çada qaçmağa məcbur edib.

Turk, həmçinin "münaqişə ilə bağlı cinsi zorakılığı davam edən epidemiya" adlandırıb və ofisinin 75 qadın, 1 kişi və 19 uşaq daxil olmaqla, ən azı 95 qurbanın iştirak etdiyi 45 hadisə ilə bağlı etibarlı hesabatlar aldığını deyib

BMT-nin Qaçqınlar Agentliyi keçən həftə Sudandan 1,8 milyondan çox insanın ilin sonuna kimi beş qonşu ölkəyə qaçacağını gözlədiyini bildirib.

Sudanda müharibə xalq üsyanından dörd il sonra prezident Ömər əl-Bəşirin devrilməsindən sonra başlayıb. 2021-ci ildə birgə çevriliş edən ordu ilə RSF arasında gərginlik mülki idarəçiliyə keçidin bir hissəsi olaraq qüvvələrini birləşdirmək planına görə yaranıbi. Bir neçə ölkə vasitəçilik səylərinə başlasa da, heç biri döyüşləri dayandırmağa müvəffəq olmayıb.

Forum

XS
SM
MD
LG