Accessibility links

İran Azərbaycanında azı 6 milli fəal həbs edilib


Təbrizdə həbs edilən fəallar
Təbrizdə həbs edilən fəallar

Sosial mediada yayılan xəbərlərə görə, İran İslam Respublikasının təhlükəsizlik qüvvələrinin Təbriz şəhərində ən azı 6 milli fəalı həbs edərək naməlum yerə apardıqları bildirilir.

Bölgədəki hüquq müdafiəçilərinin yayımladığı məlumata görə, sentyabrın 13-də Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Aqayi və Seyid Məhəmmədrza Müvəhhid təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Hələ ki, saxlanılan milli fəalların heç birinə ailəsi və yaxınları ilə əlaqə saxlamağa icazə verilməyib, onların səhhətləri və harada saxlanıldığı barədə məlumat yoxdur.

Bu milli fəalların həbsinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlarla bağlı da heç bir məlumat yayılmayıb.

Əli Babayinin Təbrizdə bir ticarət mərkəzində yerləşən iş yerində təhlükəsizli qüvvələri tərəfindən döyülərək tutulduğu və digər milli fəal olan Davud Şiri isə evinin qarşısında həbs edildiyi bildirilir. Kəşfiyyat agentləri Əli Babayini həbs etdikdən sonra onun evində reyd keçirərək, bütün elektron cihazlarını müsadirə edib.

Milli fəallar Cavad Sudbər, Davud Şiri, Seyid Məhəmmədrza Müvəhhid daha öncə də apardığı dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İran Azərbaycanının xəbərlərini yayımlayan bəzi Telegram kanalları həmin həbsləri İranda ötən il baş verən kütləvi etiraz aksiyalarının ildönümünün yaxınlaşmasına və Kəşfiyyat Nazirliyinin İran Azərbaycanında, xüsusilə Təbrizdə etirazların yenidən başlamasının önlənməsi ilə əlaqələndirib.

Sosial mediada yayımlanan video-görüntülərə əsasən, İran hökuməti Təbriz şəhərinin küçələrinə xeyli sayda repressiv qüvvə yerləşdirib.

Forum

XS
SM
MD
LG