Sentyabrın 15-də səhər saatlarında Xaçmaz rayonunda (Bakıdan 168 kilometr şimal) Qudyalçay çayı üzərindəki avtomobil körpüsü uçub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub.
İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Yerli sakinlərdən biri Amerikanın Səsinə deyib ki, körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.
Yerli sakinlər körpünün uçmasına səbəb kimi sel suları ilə yanaşı son illərdə qanunsuz yollarla çayın yatağında qum və çınqılın daşınmasını göstərir.
Avtomobil Yolları Dövlət Agentliyi körpünün 1974-cü ildə inşa edildiyini bildirib.
“Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər”, agentliyin məlumatında deyilir.
Forum