Accessibility links

Putin-Kim sammitinin digər üzü: Silah razılaşması ilə məhdudlaşmayan görüşə baxış


Analitiklərin fikrincə, Şimali Koreya lideri Kim Conq Un bu həftə Rusiya prezidenti Vladimir Putinlə çox səs-küy gətirən zirvə görüşündən beynəlxalq sanksiyalar və pandemiyanın çökdürdüyü iqtisadiyyatla mübarizə aparan ölkəsinə nəzarətini gücləndirmək üçün istifadə edir.

Putin və Kim çərşənbə günü Rusiyanın Uzaq Şərqində raket buraxılış qurğusu olan "Vostochnıy" kosmodromunda dörd ildən artıq müddətdə ilk zirvə görüşündə bir araya gəlib.

Şimali Koreya rəsmisi Koreya Mərkəzi Xəbər Agentliyi bildirib ki, Putin və Kim təfərrüatları açıqlamadan “strateji və taktiki əməkdaşlığı” gücləndirəcəklərinə söz veriblər.

Vaşinqton Pxenyanın qitələrarası ballistik raketlər, nüvə sualtı qayıqları və hərbi kəşfiyyat peykləri yaratmaq üçün kritik maneələri aradan qaldırmaq üçün Moskvadan kömək alması müqabilində Ukraynadakı müharibəsi üçün Moskvanı sursatla təmin edə biləcəyindən şübhələnir.

Görüşdən sonra ABŞ Şimali Koreyaya Rusiyaya silah tədarükü ilə bağlı xəbərdarlıq edib.

“Planetdə heç bir xalq, heç kim cənab Putinə günahsız ukraynalıları öldürməyə kömək etməməlidir. Əgər onlar silah müqavilələri ilə irəliləməyə qərar versələr, əlbəttə ki, biz bununla bağlı tədbir görəcəyik və bununla müvafiq şəkildə məşğul olacağıq”, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə günü jurnalistlərə deyib.

Bununla belə, analitiklər deyir ki, Kim öz silah proqramlarına texniki yardımdan daha çox şey əldə etmək istəyir.

Şimali Koreya ilə geniş şəkildə məşğul olan Cənubi Koreyanın keçmiş kəşfiyyat rəsmisi Seon Ok Yoo Kimin daha böyük daxili birlik axtararkən qlobal miqyasda imicini yüksəltmək üçün sammitdən bir təbliğat vasitəsi kimi istifadə etməyə çalışdığını deyib.

“Kim beynəlxalq səviyyədə tanınmağa çalışır. O, varlığını nümayiş etdirməklə ABŞ-ı ona münasibətini yumşaltmağa sövq edə biləcəyinə inanır”- deyə, 2007-ci ildə Koreyalararası sammitdə əsas rol oynamış Yoo bildirib.

"O, ABŞ-ın onu ciddi qəbul etməsini təmin etmək istəyir", Yoo deyib.

Kim üçün 2018-ci ildə Çin, Cənubi Koreya və ABŞ liderləri ilə bir sıra zirvə görüşləri ilə yaxınlaşmağa başlayanda öz mövqeyini yüksəltmək üçün ciddi bir fürsət olmuşdu.

Kimin zirvə diplomatiyası keçmiş prezident Donald Trampla 2018-ci ilin iyununda Sinqapurda keçirilən tarixi görüşdə kulminasiya nöqtəsinə çatmışdı və bu, o zaman Koreya yarımadasında sülhün mümkün yolu kimi qiymətləndirilmişdi.

İki lider 2019-cu ilin fevralında Hanoyda ikinci sammitdə görüşsə də, razılığa gələ bilməmişdilər.

Analitiklərin fikrincə, son geosiyasi hadisələr, o cümlədən Rusiyanın Ukraynaya müdaxiləsi və ABŞ-Çin strateji rəqabəti Kimə öz imicini yüksəltmək üçün daha bir şans verir.

Onların fikrincə, Kim bunu öz ölkəsinin silah proqramlarını çox az əks-səda ilə inkişaf etdirmək və ABŞ-la ziddiyyət təşkil edən Rusiya və Çinlə təsir rıçaqlarını artırmaq üçün bir fürsət kimi görür.

Forum

XS
SM
MD
LG