Accessibility links

Viola von Kramon: Azərbaycanda insan hüquqları pozuntularına görə sanksiyalar tətbiq edilməlidir


Viola von Kramon, Avropa Parlamentinin üzvü
Viola von Kramon, Avropa Parlamentinin üzvü

Avropa Parlamentinin Almaniyadan olan deputatı Viola von Kramon Amerikanın Səsinə müsahibəsində Qubad İbadoğlunun həbsi, Azərbaycanda insan hüquqlarının vəziyyəti və Avropa İttifaqı-Azərbaycan münasibətləri barədə danışıb. Deputat Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair ciddi problemlərin olduğunu, Aİ-Azərbaycan münasibətlərinin dərinləşməsinin insan hüquqları və demokratiya sahəsində də özünü göstərməli olduğunu deyib.

Amerikanın Səsi: Xanım von Kramon, Avropa Parlamenti Azərbaycanda həbs edilən müxalif siyasi lider, professor Qubad İbadoğlunun işini müzakirə etdi. Sizin bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?

Viola von Kramon: Azərbaycanda insan hüquqları pozuntularına görə sanksiyalar tətbiq edilməlidir
please wait

No media source currently available

0:00 0:05:19 0:00

Viola von Kramon: Qubad İbadoğlunun işi, xanımı ilə birlikdə saxlanılması Avropa Parlamentində ciddi narahatlıq doğurub. Parlamentin bütün partiya və fraksiyaları Azərbaycanda insan hüquqlarının vəziyyətinə ən azından diqqət çəkmək üçün məsələ qaldırıb. Biz təxirəsalınmazlığını nəzərə alaraq xüsusən Qubad İbadoğlunun işini qaldırdıq. Ümid edirik ki, hazırlanan qətnamə layihəsi ilə onun azad edilməsi, ən azından həbsxanada onunla daha yaxşı rəftar edilməsi üçün Azərbaycan rejiminə, Prezident Əliyevə təzyiq göstərə biləcəyik. Həmçinin, ümid edirik onun yaxınlarına qarşı qoyulan səyahət qadağası da aradan qaldırılacaq.

Amerikanın Səsi: Biz növbəti dəfə Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair müzakirələrin şahidi oluruq. Bu ilin mart ayında Parlament Aİ-Azərbaycan münasibətlərinə dair hesabatı qəbul edərək Azərbaycan hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırıb. Buna baxmayaraq, yerli və beynəlxalq təşkilatlar ölkədə insan hüquqlarına dair vəziyyətin daha da pisləşdiyini bildirir. Bu məsələyə dair baxışınız nədir?

Viola von Kramon: Biz əvvəlcə qiymətləndirmə aparmalıyıq. Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair ciddi problemlər var. Bu, dünəndən bəri deyil, uzun müddətdir belədir. Azərbaycandan gələn son xəbərlər, son hadisələr daha da narahatedicidir. Təbii ki, bu bizim üçün problemdir. Təəssüf ki, Azərbaycanla ticarət əlaqələri genişləndikdən sonra Avropa Komissiyası və Avropa İttifaqı Şurası Azərbaycandakı rejimə siyasi təzyiq göstərmək istəmir.

Əgər biz Azərbaycanla Şərq Tərəfdaşlığının bir üzvü kimi, qonşu ölkə kimi əlaqələrə davam ediriksə, Azərbaycanın insan hüquqlarına hörmət etməsi zəruridir. Bu təkcə Avropa İttifaqının irəli sürdüyü öhdəlik deyil. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə əsasən Azərbaycanın bu istiqamətdə yerinə yetirməli olduğu öhdəlikləri var. Belarusdan sonra daha bir Şərq Tərəfdaşlığı ölkəsində əsas insan hüquqlarına hörmət edilməməsi olduqca narahatedicidir. Bu cür fərdi işlər ölkədə ümumi vəziyyətin pisləşməsinə gətirib çıxarıb. İşgəncə və pis rəftar, polis qüvvələrindən sui-istifadə və bir çox başqa problemlər. Ancaq ortada heç bir sanksiya yoxdur. İndiyədək nə Daxili İşlər Nazirliyindən, nə məhkəmə sistemindən, nə də rəhbərlikdən bir nəfər öz addımlarına görə cavabdehlik daşımayıb. Bu isə həm Azərbaycan xalqı üçün, həm də Avropa İttifaqına olan etimad baxımından böyük problemdir.

Amerikanın Səsi: Son dönəmlərdə iqtisadi əlaqələrə görə Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərdə insan hüquqları məsələsi kənarda qaldığını vurğuladınız. Bu barədə insan hüquqları təşkilatları da öz hesabatlarında qeyd edirlər. Bu baxımdan sizin Aİ liderliyinə, habelə Azərbaycan hakimiyyətinə insan hüquqlarının vəziyyəti və onun yaxşılaşdırılması ilə bağlı çağırışınız nədir?

Viola von Kramon: Mənə və burda bir çoxlarına aydındır ki, Azərbaycanla münasibətlərin genişlənməsi təkcə iqtisadi, enerji və maliyyə əlaqələri üzərində cəmləşməməli, siyasi münasibətlərin də dərinləşməsində özünü göstərməlidir. Siyasi münasibətlərin dərinləşməsinin əsasında isə insan hüquqları, insan hüquqlarına hörmət dayanır. Bunun üçün media azadlığı, toplaşmaq azadlığı olmalıdır. Hər kəs öz fikirlərini sərbəst şəkildə ifadə edə bilməlidir. Bütün bu hüquqlar Azərbaycanda çox ciddi şəkildə pozulur. Pozuntulara görə sanksiyalar tətbiq edilməli, bunun siyasi nəticələri olmalıdır. Bu isə indiyədək baş verməyib. Bəli, mən təəssüf edirəm ki, bunun səbəblərindən biri hazırda bizim Azərbaycanın qalıq yanacaqlarına artan ehtiyacımızdan irəli gəlir. Ancaq bu sağlam münasibət, dayanıqlı inkişaf deyil. Mən arzu edərdim ki, Avropa Komissiyası öz dəyərlərinə sahib çıxsın, Prezident İlham Əliyev bizə qaz satmaq istədikdə digər öhdəliklərin yerinə yetirilməsi, o cümlədən insan hüquqlarına hörmət edilməsi tələb edilsin.

Qeyd: Azərbaycan hakimiyyəti bir qayda olaraq insan hüquqları və demokratiyanın vəziyyətinə dair yerli və beynəlxalq tənqidləri qəbul etmir. Rəsmi Bakı ölkədə insanların qanun qarşısında bərabər olduğunu, vətəndaşların iradəsinə görə təqib edilmədiyini, fundamental hüquqların tam təmin edildiyini bildirir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG