Accessibility links

Polşa Belarusla sərhəddə elektron hasar inşa edəcək


Polşanın Sərhəd Xidməti Belarusla sərhəddə Buq çayında elektron izləmə sistemləri olan hasarın tikintisi üçün tender elan edib. Bu barədə respublikanın daxili işlər naziri Mariuş Kaminski bildirib.

"Sərhəd Xidməti Buq çayı üzərində elektron hasarın tikintisi üçün tender elan edib. Onun uzunluğu 172 km olacaq", - deyə Kaminski bildirib.

Nazir aydınlaşdırıb ki, elektron maneəyə sutka ərzində işləyən təxminən 4,5 min kamera, termal kameralar və hərəkət sensorları daxil olacaq.

Polşa şirkətləri tenderdə iştirak etmək üçün 22 sentyabr 2023-cü il tarixinədək müraciət edə bilərlər. Qalib noyabrın ortalarına kimi elan olunacaq ki, seçilmiş podratçı bu il tikintiyə başlaya bilsin.

Polşa sərhəd xidmətinin baş komendantı Tomaş Praqa vurğulayıb ki, elektron maneə “həm sərhədin 24 saat mühafizəsinə, həm də çaydan normal istifadəyə imkan verəcək innovativ həlldir”.

2021-ci ildə miqrasiya böhranından sonra Polşa Belarusla sərhədində 5,5 metr hündürlüyündə və 186 kilometr uzunluğunda divar inşa edib. İstehkam bir neçə müdafiə xəttindən ibarətdir və müasir elektron cihazlarla, o cümlədən hərəkət sensorları və gecə-gündüz görmə kameraları ilə təchiz olunub.

Vaqner muzdlularının Belarusa gəlməsindən sonra Polşada sərhəd təhlükəsizliyi mövzusu yenidən aktuallaşıb. Polşa Belarusla sərhəddə hərbi qulluqçularının sayının 10 minə çatdığını açıqlayıb.

Forum

XS
SM
MD
LG