Accessibility links

Hesablama Palatası Naxçıvanda qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib


Naxçıvan Ali Məclisnin binası (Mənbə Ali Məclsi)
Naxçıvan Ali Məclisnin binası (Mənbə Ali Məclsi)

Hesablama Palatası Naxçıvan Şəhər İcra Hakimiyyətində və ümumiyyətlə Naxçıvanda aparılan yoxlamaların nəticələrinə uyğun olaraq hüquq mühafizə orqanlarına müraciət edib. Palata hesab edir ki, Naxçıvanda hüquq pozuntularının məbləği təxminən 23,2 milyon manata bərabərdir.

Hesablama Palatasının 2023-cü ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatda deyilir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və onun tabeli təşkilatları üzrə dövlət vəsaitinin istifadəsinin auditi aparılıb. Audit 2021-2022-ci illəri əhatə etmiş və uyğunluq auditi formasında həyata keçirilib.

“Nəzarət tədbiri nəticəsində 1.792.167 manat məbləğində artıq və qanunsuz əməkhaqqı ödənilməsi, 564.407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2.955.000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib”, məlumatda qeyd edilir.

Auditlə, həmçinin İcra Hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.

Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası tərəfindən auditin nəticələrinə dair müvafiq materialların hüquq mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Hesabatda deyilir ki, Hesablama Palatasının bu il ümumiyyətlə Naxçıvan Muxtar Respublikası üzrə keçirdiyi 7 auditin nəticələri ilə bağlı materialları hüquq-mühafizə və prokurorluq orqanlarına göndərib.

"Hesabat ilinin İş Planı üzrə keçirilmiş auditlərin nəticələrinə əsasən, hüquq-mühafizə və prokurorluq orqanlarına təqdim edilmiş materiallar üzrə ehtimal olunan hüquq pozuntularının məbləği təxminən 23,2 mln. manata bərabər olmuşdur", məlumatda qeyd edilir.

Xatırladaq ki, 1922-ci ilin dekabrın 22-də Naxçıvan Ali Məclisnin sədri Vasif Talıbov istefa verdikdən sonra Naxçıvanda Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyev Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.

Vasif Talıbovun istefasından sonra Muxtar Respublikada müxtəlif qurumlarda yoxlamalar başlayıb. Bir sıra yüksək vəzifəli şəxslər rüşvət və dövlət vəsaitini mənimsəmə ittihamları ilə həbsə məhkum edilib.

Forum

XS
SM
MD
LG