Accessibility links

Azərbaycan və ABŞ Hərbi Dəniz Qüvvələri komandanları əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib


Sübhan Bəkirov və Liza Franketti (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)
Sübhan Bəkirov və Liza Franketti (Mənbə: Azərbaycan Müdafiə Nazirliyi)

ABŞ-da səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Liza Franketti ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı simpoziumda iştirak edir.

Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə müzakirələrin aparılmasıdır.

Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Azərbaycan hər il "Beynəlxalq Dəniz Gücü" simpoziumuna qatılır.

Forum

XS
SM
MD
LG