Accessibility links

Ukrayna ABŞ-ın yardımının davam etdiriləcəyinə ümid edir


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi ABŞ-ın Ukraynaya hərbi dəstəyi davam etdirmək üçün “lazımi həll yollarını tapa biləcəyinə” inandığını bildirib.

Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrell ilə birlikdə jurnalistlərə danışan Kuleba Ukraynanın həm Demokrat, həm də Respublikaçı qaunvericilər ilə dərin müzakirələr apardığını bildirib.

O, ABŞ qanunvericilərinin federal hökumətin bağlanmasını dayandırmaq üçün şənbə günü qəbul edilmiş müvəqqəti büdcə layihəsindən Ukraynaya maliyyə dəstəyinin çıxarılmasının sistemli dəyişiklikdən daha çox “insident” olduğunu deyib.

"Biz ABŞ-ın dəstəyinin kəsildiyini hiss etmirik, çünki Birləşmiş Ştatlar başa düşür ki, məsələ Ukraynadan daha böyükdür, söhbət stabil və proqnozlaşdırıla bilən dünyadan gedir", Kuleba deyib.

Kyivdə Aİ Xarici Əlaqələr Şurasının iclasına rəhbərlik edən Borrell ABŞ-ın Ukraynaya yardımını davam etdirmək üçün qərarın veriləcəyinə inandığını deyib.

Fransanın xarici işlər naziri Ketrin Kolonna görüşün Ukraynanın paytaxtında keçirilməsini “Ukraynaya qətiyyətli və davamlı dəstək nümayişi” adlandırıb.

“Bu həm də Rusiyaya bir mesajdır ki, o, bizim yorulduğumuzu düşünməməlidir. Biz hələ uzun müddət orada olacağıq”- deyə, Kolonna jurnalistlərə bildirib.

Niderlandın xarici işlər naziri Hanke Bruins Slot Rusiyanın Ukraynadakı təcavüzünə görə cavab verməli olduğunu və Rusiyaya sanksiyalarla təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

"Ukrayna xalqının azadlığı üçün nə qədər lazımdırsa, nə lazımdırsa, etməliyik" - deyə, o qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi jurnalistlərə deyib ki, Rusiya Qərb ölkələrində Ukraynada müharibə yorğunluğunun artacağına inanır, lakin ABŞ-ın müdaxiləsini davam etdirəcəyini gözləyir.

Federal hökumətin noyabrın 17-dək açıq qalmasını nəzərdə tutan qanun layihsində Ağ Evin prioriteti olan Ukraynaya əlavə yardımı dayandıracaq. Getdikcə daha çox Respublikaçı qanunverici bunun əleyhinə çıxır.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü çıxışında heç bir şeyin ölkəsinin Rusiyaya qarşı mübarizəsini zəiflətməyəcəyini deyib.

ABŞ Prezidenti Co Bayden bazar günü Konqresdəki Respublikaçıları Ukraynaya yardımı artırmaq üçün qanun layihəsini dəstəkləməyə çağıraraq deyib ki, o, hökumətin az qala bağlanmasına səbəb olan siyasi cəkişmələrdən "doyub".

"Heç bir halda biz Amerikanın Ukraynaya dəstəyinin kəsilməsinə yol verə bilmərik. Mən spikerdən [sənədin] qəbul edilməsini təmin etmək öhdəliyinə əməl edəcəyini və Ukraynanın özünü təcavüz və qəddarlıqdan müdafiəsinə kömək etmək üçün dəstəyini gözləyirəm", o, jurnalistlərə deyib.

Lakin bir çox qanunverici etiraf edir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam etdikcə Ukraynaya yardımın Konqresdə təsdiqlənməsi getdikcə çətinliklə üzləşəcək.

Keçən həftə Nümayəndələr Palatasının səsverməsi qarşıda duran potensial problemlərə işarə edir.

Nümayəndələr Palatasının Respublikaçı üzvlərinin təxminən yarısı Ukrayna əsgərlərinin təlimi və silahların alınması üçün nəzərdə tutulan müdafiə büdcəsindən 300 milyon dolların silinməsinə səs verib. Sənəd daha sonra ayrıca təsdiq olunsa da, Ukraynaya dəstək əleyhdarları sayının artdığı müşahidə olunur.

Slovakiyada sentyabrın 30-da keçirilən növbədənkənar parlament seçkilərində rusiyayönlü siyasətçi Robert Fitsonun "İstiqamət - Sosial Demokratiya" (SMER) partiyası çoxluq əldə edib. Onun seçkiqabağı kampaniyası Slovakiya ehtiyatlarından Ukraynaya sursat göndərməməyə çağırıb.

"Biz Ukraynaya humanitar şəkildə yardım etməyə hazırıq. Biz dövlətin bərpasına da yardım etməyə hazırıq, lakin Ukraynanın silahlanması ilə bağlı bizim mövqeyimizi bilirsiniz", Fitso qələbədən sonra mətbuat konfransında deyib.

O, NATO üzvü olan Slovakiyanın enerji qiymətləri və yaşayış xərcləri də daxil olmaqla, Ukrayna problemindən daha böyük problemləri olduğunu bildirib. Lakin onun SMER-SSD partiyasının sülh danışıqlarına başlamaq üçün mümkün olan hər şeyi edəcəyini vəd edib.

Forum

XS
SM
MD
LG