Accessibility links

Ukrayna və Azərbaycan prezidentləri arasında telefon söhbəti olub


Volodimir Zelenski və İlham Əliyev Avropa Siyasi Birliyinin Moldovada keçirilən sammitində görüşərkən. (2 iyun, 2023)
Volodimir Zelenski və İlham Əliyev Avropa Siyasi Birliyinin Moldovada keçirilən sammitində görüşərkən. (2 iyun, 2023)

Oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumatında deyilir ki, Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib.

“Telefon söhbəti əsnasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatlarına dair fikir mübadiləsi aparılıb”, məlumatda qeyd edilir.

Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 43 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 150 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi, SOCAR Energy Ukraine, müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

Bu il iyulun 17-də isə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrıb.

Buna qədər Azərbaycan Ukraynaya Kaxovka Su Elelktrik Stansiyasının dağıntılarının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar və digər avadanlıqlar, həmçinin ərzaq, dərman və tibbi ləvazimatlar göndərib.

Forum

XS
SM
MD
LG