Accessibility links

Kənani: Azərbaycanın İrandakı səfirliyinin açılması ilə bağlı konsensus var


Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.
Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.

“Azərbaycanın Tehrandakı səfirliyinin açılması ilə bağlı konsensus var və tezliklə, səfirlik fəaliyyətə başlayacaq”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani oktyabrın 9-da keçirdiyi brifinqdə bildirib.

“İran və Azərbaycan iki tərəf arasında əldə olunan anlaşma əsasında sonuncunun səfirliyinin fəaliyyətini bərpa edə bilməsi ilə razılaşırlar” İrna agentliyi bu barədə Kənaniyə istinadən yayıb.

Bundan əlavə Azərbaycan rəsmilərinin İrana səfərinə münasibət bildirən sözçü deyib ki, bu, iki ölkənin yüksək rütbəli rəsmiləri arasında siyasi, iqtisadi sahədə və Cənubi Qafqazda baş verən hadisələrlə bağlı danışıqların davamı idi:

“Yaxşı müzakirələr və məsləhətləşmələr oldu,”o bildirib.

Kənani həmçinin İranın Azərbaycana və Ermənistana kömək etməyə hazır olduğunu da deyib.

Bir müddət öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, perspektivdə İranla münasibətlərin normallaşması çox uzun bir prosesdir.

“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra regionda yeni şərait yaradıb. İran əvvəllər erməni faktorundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün həmin təzyiq vasitəsindən məhrum olub. Ona görə Azərbaycanla münasibətlərinin normallaşaması üçün yeni variantlar axtarır”, təhlilçi qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.

Sentyabrın 9-da Bakıda Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib. İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb

Bundan sonra Azərbaycan-İran birgə hərbi komissiyasının iclasları olub.

Forum

XS
SM
MD
LG