Accessibility links

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclası keçirlib


Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclası keçirlib (Mənbə: Xarici İşlər Nazirliyi)
Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclası keçirlib (Mənbə: Xarici İşlər Nazirliyi)

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində (Bakıdan 385 kilometr qərb) Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.

İclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri və təşkilata üzv olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri və təmsilçiləri iştirak edib.

Bundan başqa, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu müşahidəçi qismində tədbirdə iştirak edib.

İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndirilib, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunub.

İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin toplantı iştirakçılarına müraciətində deyilir ki, Azərbaycan təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir.

Əliyev regiondakı son durumdan danışarkən deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlər Şurasının görüşü Azərbaycanın bütün ərazisi üzərində öz suverenliyini tam bərpa etdiyi bir vaxtda keçirilir.

“Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir”, Əliyev qeyd edib.

“Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 (Azərbaycan, Ermənistan, Rusiya + Türkiyə, İran, Gürcüstan) əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb”, dövlət başçısı qeyd edib.

Prezident Orta dəhliz barədə danışarkən deyib ki, Azərbaycan Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir.

“Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub. Eyni zamanda, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”, o qeyd edib.

Azərbaycan ərazilərinin bərpasına toxunan Əliyev bildirib ki, növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.

İclasın yekunu olaraq regional əməkdaşlığın gələcək addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb.

Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT baş katibi Xusrav Noziri iclasın yekunları ilə bağlı mətbuata bəyanatlarla çıxış ediblər.

Forum

XS
SM
MD
LG