Accessibility links

Ümumdünya Ərzaq Proqramı Qəzzaya humanitar dəhlizlər yaradılmasına çağırır


Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Qəzza zolağı üçün humanitar dəhlizlərin yaradılmasına, işçilərinin təhlükəsiz keçidinə və zəruri yardıma çağırıb.

Ümumdünya Ərzaq Proqramı verdiyi açıqlamada Qəzza və İordan çayının qərb sahilində qida, su və zəruri ləvazimatlara çıxışı olmayan 800 mindən çox insana ərzaq yardımı göstərmək üçün təcili əməliyyata başladığını bildirib.

Ərzaq agentliyi artıq Qəzzada məcburi köçkünlər üçün sığınacaqlarda olan 73 min insana yeməyə hazır məhsullar payladığını bildirib. Qurum İsrailin bazar ertəsi Fələstin ərazisini tam mühasirəyə aldığını elan etməsindən sonra tədarüklər tükənməyə başladığı üçün yerli mağazalarda ərzaq mövcudluğundan narahat olduğunu bildirib.

İsrail şənbə günü HƏMAS-ın ölümcül hücumlarına cavab olaraq hərəkət etdiyini bildirib. Qəzza ilə İsrail arasındakı bütün sərhədlər və keçid məntəqələri bağlanıb.

ÜƏP-nin dediyinə görə, bu yardımın daxil olmasına maneələr böhranı daha da dərinləşdirir.

Agentlik bildirib ki, humanitar dəhlizlər vasitəsilə ehtiyatlarını artıra bilsə, 300 min insana ərzaq paylayacaq.

İşğal olunmuş Fələstin əraziləri üzrə humanitar yardım koordinatoru Lin Hastinqs bildirib ki, qəzzalıların əksəriyyətinin gündə cəmi 3-4 saat elektrik enerjisi ilə təmin edilir, bu da səhiyyə müəssisələrinə təsir edir.

Qəzzada xəstəxanalar cəsədlərlə doludur və tibbi ləvazimatlar tükənir. Təcili yardım maşınlarının da yanacağı yoxdur.

Hastinqs bildirib ki, Qəzzanın 2,2 milyon sakinindən ən azı 200 mini döyüşlərdə didərgin düşüb.

Ümumdünya Səhiyyə Təşkilatı həm İsrail, həm də Qəzzada səhiyyə işçilərinə yardım təklif edib.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bazar ertəsi Misir prezidenti Əbdülfəttah əs-Sissi ilə görüşərək, ÜST-dən sağlamlıq və digər humanitar yardımların Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə Qəzzəyə çatdırılmasının asanlaşdırılması barədə razılıq əldə edib.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits çərşənbə axşamı zorakılığa son qoymağa çağırıb və bildirib ki, Qəzzaya humanitar yardım, həyati əhəmiyyət kəsb edən xidmətlər və təchizatların qarşısı alınmamalıdır.

"Mənim bütün tərəflərə mesajım birmənalıdır: Müharibə qanunları qorunmalıdır" - deyə, o əlavə edib. Qriffits əsirlərlə humanistcəsinə davranmağa və bütün girovların dərhal azad edilməsinə çağırıb.

Bu arada, BMT-nin fələstinli qaçqınlara yardım agentliyi UNRWA bildirib ki, onun Qəzza şəhərindəki qərargahı bazar ertəsi gecə hava hücumları nəticəsində vurulub. Xəsarət alan olmasa da, dağıntılar olub.

“Birləşmiş Millətlər Təşkilatının binaları və obyektləri hər zaman, o cümlədən münaqişə zamanı qorunmalıdır”, UNRWA bildirib.

Şənbə günü hərbi əməliyyatlar başlayandan bəri UNRWA mülki sığınacaq kimi istifadə edilən məktəblər də daxil olmaqla, ən azı 18 obyektinə həm birbaşa, həm də dolayı ziyan vurulduğunu deyib. Qurumun iki əməkdaşı və beş UNRWA tələbəsi öldürülüb.

UNRWA-nın Qəzzada 13 000 milli və beynəlxalq əməkdaşı var.

Forum

XS
SM
MD
LG